“Məktəblinin dostu” layihəsi çərçivəsində karyera planlama təlimlərinə start verilib.
1news.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir ki, təlimlər "Məktəblinin dostları”nın fəaliyyət göstərdiyi 30 məktəbdə yuxarı sinif şagirdləri üçün keçirilir.
İdarədən bildirilib ki, təlimlərin keçirilməsində əsas məqsəd şagirdlərin ixtisas seçiminə yardım etmək, müxtəlif sahələrin mütəxəssisləri ilə görüşlər keçirərək ixtisaslar barədə şagirdlərin geniş məlumat almalarına şərait yaratmaqdan ibarətdir:
“Təlimlər zamanı şagirdlərin ixtisas seçimində fərdin qabiliyyət və bacarığının vacibliyi ön plana çəkilir. Şagirdlərə peşə seçimi nədir və nə üçün önəmlidir, peşə seçərkən nələrə diqqət yetirməli kimi mövzularda məlumatlar verilir, onları maraqlandıran suallara dolğun cavab verilir. Təlimlərin davamı olaraq şagirdlərin ixtisas seçiminə yardım məqsədilə müxtəlif universitetlərə ekskursiyaları da təşkil olunur”, - deyə qurumdan bildirilib.
Qeyd edək ki, müvafiq təlimlər çərçivəsində 95 və 63 nömrəli məktəb şagirdlərinin “ADA” Universitetinə səfərləri təşkil edilib, məktəblilər universitet həyatı ilə tanış olublar.
Fərid Ədalət