Dövlət Gömrük Komitəsi “Sınıq Körpü” gömrük postunda kütləvi davanın baş verməsi və gömrük işçisinin döyülməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirib.
1news.az APA-ya istinadən xəbər verir ki, “bu gün bir sıra kütləvi informasiya vasitələrində Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük postunda kütləvi dava baş verməsi, hadisə nəticəsində “Sınıq Körpü” gömrük postunun əməkdaşının xəsarət alması barədə həqiqətə uyğun olmayan məlumat yayılıb”.
Dövlət Gömrük Komitəsi bildirir ki, “Sınıq Körpü” gömrük postunda “dispetçer” vəzifəsi yoxdur və ümumiyyətlə bu postda Rəşad Musayev adlı gömrük əməkdaşı işləmir. Gün ərzində də gömrük postunun ərazisində hər hansı insident baş verməyib və gömrük postu gündəlik iş şəraitində fəaliyyətini davam etdirir.
“Dövlət Gömrük Komitəsi bir daha media qurumlarını və jurnalistləri komitə, onun əməkdaşları və ya fəaliyyəti barədə məlumat yayımlayarkən diqqətli olmağa, dəqiqləşdirilməmiş məlumatları yayımlamaqdan çəkinməyə dəvət edir”,- deyə məlumatda bildirilir.
1news.az