Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tovuz rayonunda apardığı təmizləmə əməliyyatları ilə bağlı yeni məlumat yayıb.
Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Daşkəsən rayon polis şöbəsinin silah anbarından 1 ədəd Serbiya istehsalı olan M-75 modelli əl qumbarası zərərsizləşdirilməsi üçün götürülüb.
Ümumilikdə Agentlik tərəfindən 1 yanvar – 25 aprel 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Yevlax, Daşkəsən, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 9 otlaq sahəsinə, 8 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 160 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib.
Keçirilmiş baxışlar zamanı 5 134 ədəd partlamamış hərbi sursat, 108 ədəd tank əleyhinə mina və 10 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmiş, 2 295 483 kv.m ərazi (547 629 kv.m əl ilə, 665 400 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 969 454 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.
Babək Cahandarov