“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının baş katibi Aytən Əliyeva Çində keçirilən Avrasiya Gənc Liderlərin Forumunda iştirak edib.
İttifaqdan 1news.az-a verilən məlumata görə, səfər zamanda baş katib Ümumçin Gənclər Federasiyasının baş katibi Xanım Qing Li və Urumçi Gənclər Federasiyasının sədr müavini xanım Ban Huyan ilə görüşüb.
Görüş zamanı iki təşkilat arasında ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, birgə layihələr müzakirə edilib. Daha sonra "Vahid ideya, vahid yol" adlı seminarda iştirak edən Aytən Əliyeva təmsil etdiyi təşkilatın fəaliyyəti, həyata keçirdiyi layihələr barədə iştirakçılara məlumat verib.
Qeyd edək ki, forumda Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan Türkmənistan, Belarus və Çindən olan nümayəndə heyətləri iştirak edib. Forum özü işini aprelin 2-də yekunlaşdıracaq.
Fərid Ədalət