Aprelin 24-də gecə saat 2 radələrində Nizami rayonu, Elşən Süleymanov küçəsindəki çoxmərtəbəli binada yanğın baş verib.
1news.az lent.az-a istinadən xəbər verir ki, ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının avtomarşrutda olan əməkdaşları - polis serjantları İbrahim Məmmədov, Rəşad Mustafayev və Asif Məmmədov çoxmərtəbəli binalardan birindən qatı tüstü qalxdığını görüb təcili hadisə yerinə yaxınlaşıb.
Polis əməkdaşları Çevik Polis Alayının və Nizami rayon Polis İdarəsinin Növbətçi hissələrinə, Fövqəladə Hallar Nazirliyinə, təcili yardıma xəbər veriblər.
Ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının 5-ci patrul bölüyünün şəxsi heyəti hadisə yerinə birinci çatıb. Binada ümumilkdə 50 nəfərdən çox sakin xilas edilib. Onların arasında 8 nəfər azyaşlı olub.
Hadisə yerinə gələn polis serjantı İbrahim Məmmədov deyib ki, valideynlərdən biri özü düşsə də, usağı götürə bilməmişdi:
“Tez həmin evə çatıb, qapını açmaq istəyəndə dəstək qopub əlimdə qaldı. Yüngül materialdan hazırlanmış qapı istidən ərimişdi. Axırıncı körpəni qucağıma alanda onun tüstüdən vəziyyətinin pisləşdiyini görüb, öz əleyhqazımı çıxarıb, ona verdim. Aşağı düşəndə artıq özümdə də güclü başgicəllənmə, zəhərlənmə hiss etdim. Təqribən 40 dəqiqə sonra yanğın söndürüldü. Bir an əvvəl ölümlə göz-gözə olsaq da, indi biri-birimizi təbrik edirdik ki, hadisə itkisiz başa çatdı”.
Zəhərlənmə diaqnozu ilə 3 polis əməkdaşı Respublika Toksikologiya Mərkəzinə aparılıb, lazımi müalicə aldıqdan sonra evə yazılıblar.
1news.az