Dənizkənarı Milli Parkda “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının başlamasına 20 gün qalması münasibətilə tədbir təşkil edilib.
1news.az-ın məlumatına görə, tədbirə “sağlam həyat tərzi” mesajını çatdıran açıq havada idman sessiyası ilə start verilib. Bu idman sessiyasını iştirakçılar böyük maraqla qarşılayıb, ona qatılıblar.
Tədbirlə bağlı təəssüratlarının bölüşən ulduz səfir Hacı Nuran deyib ki, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının ulduz səfiri olmaqdan və burdakı gəncləri dəstəkləməkdən qürur hissi duyur:
"Bu gün biz Oyunların açılış mərasiminə 20 gün qalmasını bayram edirik. Vaxt qısaldıqca, həyəcan da artır. Ümid edirəm ki, Azərbaycan bayrağı altında ölkəmizi təmsil edəcək idmançılarımız böyük uğurlar qazanaraq xalqımızı sevindirəcəklər. Mən hamını “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına gəlməyə və idmançılarımızı dəstəkləməyə çağırıram”.
Tədbir zamanı təşkil edilən müsabiqələr də iştirakçılara həyəcanlı anlar yaşadıb və mübarizədə qalib gələnlərə hədiyyələr verilib.
Sonda bir qrup gənc Oyunlarla bağlı fləşmob təqdim edib. Fleşmobda 50-dən artıq gənc Oyunlarda iştirak edəcək ölkələrin bayraqları ilə səhnəyə çıxıblar və “Bakı sizi gözləyir” mesajını veriblər.
Sonra tədbirin aparıcısı ictimaiyyətə Oyunlar və bilet satışı haqqında ətraflı məlumat verib və hər kəsi bu möhtəşəm Oyunlara qatılmağa və idmançılarımızı dəstəkləməyə çağırıb.
1news.az