18:03
1news.az xəbər verir ki, ATV-də yayımlanan ”İdeya qazandı” verilişində münsiflərin öz ideyasını təqdim edən gəncə gülmələri və onu lağa qoymaları barədə yayılan videonu MTRŞ-ın Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov Kult.az-a şərh edib.
O, videoda baş verənlərin qanun pozuntusu olmadığını da bildirib:
“Həmin videonun efirə gedib-getmədiyi də bilinmir. Çünki kanalın loqosu videoda əksini tapmayıb. Onu da demək lazımdır ki, “İdeya qazandı” verilişi kifayət qədər orijinal layihədir. Belə layihələr gənclərə dəstək olur. Bu layihədə xırda bir məqamı qabardıb layihəni gözdən salmaq olmaz. Bu mənada burada dramatikləşdiriləcək hal yoxdur”.
Qeyd edək ki, “İdeya qazandı” verilişi ilə bağlı yayılan videoda öz ideyasını təqdim edən gəncə münsiflərin gülməsi, gənci ələ salmaqları birmənalı qarşılanmayıb.
17:33
ATV televiziyasında yayımlanan "İdeya qazandı" verilişində xoşagəlməz məqamlar yaşanıb.
1news.az baku.ws-ə istinadən xəbər verir ki, verilişin formatına uyğun olaraq hər kəsin öz ideyasını satmağı çalışdığı proqramda investorlar ideya müəllifi olan gənci ələ salıblar.
Öz ideyasını təqdim edən gənc xoşa gəlməz mənzərə ilə üzləşib. İnvestorlar onun çıxışına əhəmiyyət verməyərək gülməyə başlayıblar. Gənc oğlan yaranan mənzərə qarşısında pərt olub.
Məsələ ilə bağlı BakiPost.az-a açıqlamasında ATV-nin İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Turan İbrahimov bildirib ki, bu video ümumi verilişin içərisindən, yəni kontekstdən çıxarılmış kiçik bir hissədir:
“Hamı bilir ki, ümumi verilişin içərisindəki müəyyən zarafatlar, anlar və jestlər bir cür təəssürat bağışlayır. Amma müəyyən məsələni kontekstdən, ümumi verilişin içərisindən çıxaranda, naqqaşla qopardıb təqdim edəndə tamam başqa cür təəssürat yaradır.
Bunu nəzərə almaqla yenə də vurğulamaq lazımdır ki, düzdür, gənclər oraya böyük ümidlərlə gəlirlər, özləri üçün ciddi əhəmiyyət kəsb edən məsələləri orada təqdim edirlər. Ona görə də onlara daha həssas və ciddi davranmaq lazımdır. Bu baxımdan kontekstdən çıxarılan hissəyə baxanda doğrudan da ikrah və müəyyən mənada qıcıq doğuran məqamlar var. Amma yenə də bir məqamı xüsusi vurğulamaq istərdim ki, bu video kontekstdən çıxarılıb”.
1news.az