“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin növbəti ünvanı aprelin 19-da Gəncə şəhəri olub.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, axşam saatlarında Gəncə şəhər Heydər Əliyev Park Kompleksindəki amfiteatrda su festivalı keçirilib. Tədbirin aparıcısı bu il mayın 12-dən 22-dək Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunları barədə məlumat verib. Oyunların ulduz səfiri, əməkdar artisti Tünzalə Ağayeva gəncəliləri təbrik edib, IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizin ictimai-siyasi və idman həyatında mühüm hadisə olduğunu qeyd edərək, gənc idmançılara uğurlar arzulayıb.
Festivalda, həmçinin “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin başlanması, Prezident İlham Əliyevin su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan səhəngi gəncəli uşağa təhvil verməsi görüntüləri təqdim edilib. Xəzər dənizindən götürülmüş suyun Gəncə şəhərinədək keçdiyi səyahət yoluna, o cümlədən Gəncə mərhələsinə nəzər salınıb.
Sonra su qabını daşıyan sərbəst güləş üzrə 2012-ci il London Olimpiadasının, 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının qızıl mükafatçısı Toğrul Əsgərov, Əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Zeynalov və Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi Aysu Salahova səhnəyə dəvət olunub. Gəncə sakinləri onları coşqu ilə alqışlayıblar.
Festival səhnədə quraşdırılan lazer-işıq effektləri və su şousu, həmçinin “Buta” instrumental musiqi ansamblının ifasında rəngarəng mahnılarla davam edib. Su festivalı möhtəşəm atəşfəşanlıqla başa çatıb.
Xatırladaq ki, Bakıda Xəzərin sahilindən ölkəmizin müxtəlif istiqamətlərinə başlanan su səyahətinin Gəncə mərhələsinə dağların qoynuna sığınan füsunkar gözəlliyə malik Göygöldən start verilib. Sərbəst güləş üzrə 2012-ci il London Olimpiadasının, 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının qızıl mükafatçısı Toğrul Əsgərov, Əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Zeynalov və Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi Aysu Salahova “Bakı-2017”nin misdən hazırlanmış su qabını Göygölün suyu ilə doldurublar. Bu su qabı mayın 12-də “Bakı-2017”nin açılış mərasimində nümayiş etdiriləcək.
Həmin gün Gəncə şəhər Olimpiya İdman Kompleksində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına daxil edilmiş “Domestic Grassroots” proqramı çərçivəsində regional idman tədbiri keçirilib.
Tədbirdə çıxış edən layihə rəhbəri Ülviyyə Əkbərova, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva və oyunların ulduz səfiri, əməkdar artisti Tünzalə Ağayeva Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizin ictimai-siyasi və idman həyatında mühüm hadisə olduğunu qeyd edərək, gənc idmançılara uğurlar arzulayıblar.
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təbliği və gənclərin idmana cəlb olunması məqsədilə məktəblilər arasında təşkil olunan müsabiqədə 5 məktəbdən 50-si qız, 50-si oğlan olmaqla, 100 şagird iştirak edib. Məktəblilər idmanın müxtəlif növləri üzrə qüvvələrini sınayıblar.
Qaliblərə Əməliyyat Komitəsi tərəfindən təqdim olunmuş kubok, diplom, məlumat kitabçaları, qalib komandaya isə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə bilet verilib.
1news.az