Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün növbəti tədbir keçirilib.
Fonddan 1news.az-a verilən məlumata görə, Bakının 1, 2 və 3 saylı uşaq evlərinin sakinləri, eləcə də daun sindromlu uşaqlar bu dəfə asudə vaxtlarında sevimli “Smurfiki” animasiya filmini izləyiblər.
“CinemaPlus”da təşkil olunan nümayiş zamanı Leyla Əliyeva uşaqlarla görüşüb, onlarla birgə foto çəkdirib.
Filmi maraqla qarşılayan uşaqlara, həmçinin “Smurfiki” filminə aid müxtəlif hədiyyələr verilib.
Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mütəmadi olaraq valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüşür, onların təlim-tərbiyəsi ilə maraqlanır, uşaqlar və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili üçün təşkil edilən müxtəlif tədbirlər və proqramlarda onlarla birgə olur.
1news.az