Prezident İlham Əliyev “Sərhəd qoşunları haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2017-ci il 10 mart tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, fərmanda deyilir:
“Sərhəd qoşunları haqqında” qanunda aşağıdakı məzmunda 6-1-ci bənd əlavə edilib:
“narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, mülki dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış digər əşyaların Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən qanunsuz keçirilməsinin qarşısını almaq üçün tədbirlər görür”.
Habelə aşağıdakı məzmunda 1-1-ci və 1-2-ci bəndlər əlavə edilib:
“şəxslərin Azərbaycan Respublikasının dövlət sərhədindən qanunsuz keçməsinin, habelə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, mülki dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış digər əşyaların dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində ölkəyə gələn və ölkədən gedən nəqliyyat vasitələrinə, yüklərə və başqa əşyalara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada baxış keçirilməsini təmin etmək;
əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar xidməti vəzifələri icra edərkən vaqonların, avtomobillərin, konteynerlərin, gəmi anbarlarının, xaricə gedən və xaricdən gələn dəniz və hava gəmilərinin başqa yerlərinin gömrük orqanları ilə birlikdə (Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində milli maraqlara təhdidlər haqqında əməliyyat məlumatları olduqda, gömrük orqanlarının iştirakını təmin etmək mümkün olmadığı hallarda milli təhlükəsizliyi və yaxud dövlət sərhədinin toxunulmazlığını təmin etmək məqsədi ilə - müstəqil surətdə) açdırılmasını təmin etmək”.
21-ci maddənin birinci hissəsi isə aşağıdakı redaksiyada verilib: “Sərhəd nəzarəti hərbi hissəsinin və ya sərhəd dəstəsinin sərhəd nəzarəti bölməsi Dövlət sərhədinin bir və ya bir neçə buraxılış məntəqəsində dövlət sərhədinin keçilməsi qaydalarına və dövlət sərhədinin buraxılış məntəqəsindəki (məntəqələrindəki) rejimə əməl edilməsinə nəzarəti həyata keçirir”.
1news.az