Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tovuz rayonunda apardığı təmizləmə əməliyyatları ilə bağlı yeni məlumat yayıb.
Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Tovuz rayonunun Əlimərdanlı kəndində 1 otlaq sahəsinə baxış keçirilib, 1 ədəd əl qumbarası (RQN) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 200 kv.m ərazi yoxlanılıb.
Ümumilikdə Agentlik tərəfindən 1 yanvar – 19 aprel tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Yevlax, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 8 otlaq sahəsinə, 7 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 160 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib.
Keçirilmiş baxışlar zamanı 5 132 ədəd partlamamış hərbi sursat, 103 ədəd tank əleyhinə mina və 9 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 1 992 674 kv.m ərazi (528 688 kv.m əl ilə, 566 400 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 784 586 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.
1news.az