Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin aprelin 19-da keçirilmiş iclasında “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” müsabiqəsinin nəticələri açıqlanıb.
1news.az-ın Akademiyanın saytına istinadən verdiyi xəbərə görə, AMEA-nın prezidenti, akademik Akif Əlizadə sözügedən medalla təltif etmək səlahiyyətinin ölkə başçısının 27 iyun 2014-cü il tarixli fərmanı ilə Akademiyaya verildiyini qeyd edib.
Akademik müsabiqədə iştirak etmək üçün namizədliyi irəli sürülmüş alimlər haqqında təqdimatların müvafiq sənədlərlə birlikdə Ekspert Komissiyasına təqdim olunduğunu bildirib:
“Komissiyanın bu il keçirilmiş yekun iclasında Qızıl medala layiq görülən namizədlər seçilib və onlar haqqında müvafiq rəylər Rəyasət Heyətinə təqdim edilib”.
Müsabiqənin nəticələrinə görə müstəqillik illərində Azərbaycanda elm və təhsil sahəsində həyata keçirilmiş mühüm beynəlxalq layihə olan Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsindəki müstəsna xidmətlərinə görə AMEA-nın müxbir üzvü Nərgiz Paşayeva, Azərbaycanın mədəni və tarixi irsinin dünya miqyasında elmi əsaslarla öyrənilməsinə verdiyi xüsusi dəstəyə görə isə Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin İngiltərə tərəfindən rəhbəri, professor Robert Hoyland Qızıl medala layiq görülüblər.
Rəyasət Heyəti adları çəkilən alimlərin medalla təltif olunması və hər birinə 10 min manat məbləğində pul mükafatının verilməsi barədə qərar qəbul edib.
1news.az