Şamaxı rayonunda törədilən qətl hadisəsinin təfərrüatları məlum olub.
1news.az Trend-ə istinadən xəbər verir ki, aprelin 18-də rayonun Çölgöylər kənd sakini, 38 yaşlı Famil Hidayətov sərxoş vəziyyətdə qonşuluğunda yaşayan əmisi oğlu, 46 yaşlı Şəmsəddin Hidayətovun evinə gəlib.
F.Hidayətov üzərində gəzdirdiyi bıçağı əmisi oğluna göstərərək, kəndin 5 nəfər sakinini öldürəcəyini bildirib. Ş.Hidayətov ona içkili olduğunu və bu yoldan çəkilməsini desə də, F.Hidayətov sərxoş olduğu üçün fikrindən dönməyib və həmin kənd sakinlərini qətlə yetirəcəyini bildirib. Bu səbəbdən iki əmioğlu arasında mübahisə yaranıb. Ş.Hidayətov bıçağı F.Hidayətovun əlindən almaq üçün onunla əlbəyaxa olub. Bu vaxt F.Hidayətov əsəbi vəziyyətdə əmisi oğluna bir neçə bıçaq zərbəsi endirib. Ş.Hidayətov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən şəxs yaxalanıb. Faktla bağlı Şamaxı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb.
1news.az