Prezident İlham Əliyev Yevlax şəhərində çoxmənzilli yaşayış binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində Yevlax şəhərində infrastruktur layihələrinin yerinə yetirilməsi və əhalini narahat edən problemlərin həlli sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Şəhər Mərkəzi Xəstəxanası, Avtovağzal kompleksi, Gənclər evi, Tarix-Diyarşünaslıq Muzeyi, əlil və şəhid ailələri üçün ümumilikdə 116 mənzilli 5 yaşayış binası inşa edilmiş, 19 mindən çox yeni iş yerləri açılmış, Varvara balıqartırma və digər mühüm istehsal müəssisələri yaradılmış, Hava Limanı, Varvara Su Elektrik Stansiyası yenidən qurulmuş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, Kür çayı sahilində “Bulvar” salınmış, geniş abadlıq-quruculuq işləri görülmüşdür.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Yevlax şəhərində 190 nəfərdən ibarət 45 ailənin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qərara alıram:
1. Yevlax şəhərində qəzalı vəziyyətdə olan 10 binada yaşayan ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 45 mənzilli yeni yaşayış binasının tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Yevlax Şəhər İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.
1news.az