“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti aprelin 17-də Qarabağın gündən-günə gözəlləşən diyarında – cəbhə xəttində yerləşən Horadiz şəhərində davam edib.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, aprelin 17-də axşam saatlarında Horadiz şəhərindəki Qəhrəmanlar parkında su festivalı keçirilib. Tədbirin aparıcısı bu il mayın 12-dən 22-dək Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunları barədə məlumat verib. Festivalda, həmçinin “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin başlanması, Prezident İlham Əliyevin Su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan su səhəngini Horadiz sakinlərinə təhvil verməsi görüntüləri təqdim edilib. Xəzər dənizindən götürülmüş suyun Füzuli rayonunadək keçdiyi səyahət yoluna, o cümlədən Füzuli mərhələsinə nəzər salınıb.
Sonra su qabını daşıyan füzulili idmançılar və Horadiz şəhər 3 nömrəli tam orta məktəbin şagirdi səhnəyə dəvət olunub. Horadiz sakinləri, eləcə də rayonun kənd və qəsəbələrindən gəlmiş füzulililər onları coşqu ilə alqışlayıblar.
Qəhrəmanlar parkında keçirilən festival əsl xalq bayramına çevrilib. “Mirvari” rəqs qrupunun, yerli ifaçılar Könül Tağıyeva və Anar Məmmədovun çıxışları cəbhə bölgəsinin sakinlərində yüksək əhval-ruhiyyə yaradıb.
Su festivalında iştirak edən rayon sakini Hüseyn Əliyev “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Oyunlar Azərbaycanın dünyada artan nüfuzunun, sosial-iqtisadi inkişafının, ölkəmizdə hökm sürən əmin-amanlığın göstəricisidir. Əminəm ki, Azərbaycan İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməklə İslam ölkələri arasında əməkdaşlığa və dostluğa öz töhfəsini verəcək. Oyunlar dostluq, həmrəylik və birlik bayramına çevriləcək”.
Festival möhtəşəm su effekti və atəşfəşanlıqla başa çatıb. Xəzərdən başlayan su səyahətinin növbəti dayanacağı Gəncə şəhəri olacaq.
Xatırladaq ki, Füzuli rayonunda su səyahətinə Araz çayından su götürülməklə start verilib. Horadiz şəhər 1 nömrəli tam orta məktəbin III sinif şagirdi, rəsm həvəskarı Zenfira Zalova, sərbəst güləş üzrə SSRİ idman ustası, Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi Fərrux Qurbanov, karate üzrə Avropa və dünya çempionatının qızıl medal mükafatçısı İsrail Əsgərov “Bakı-2017”nin misdən hazırlanmış səhəngini Araz çayının suyu ilə doldurub şəhərdəki Qəhrəmanlar parkında keçiriləcək su festivalına yola düşüblər. Bu su qabı mayın 12-də “Bakı-2017”nin açılış mərasimində nümayiş etdiriləcək.
Horadiz Olimpiya İdman Kompleksində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına daxil edilmiş “Domestic Grassroots” proqramı çərçivəsində regional idman tədbiri keçirilib. Tədbirdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşı Gülbahar Eyvazova və layihə rəhbəri Ülviyyə Əkbərova Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətindən danışıb, məktəblilərə idman yarışında uğurlar arzulayıblar.
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təbliği və gənclərin idmana cəlb olunması məqsədilə məktəblilər arasında təşkil olunan müsabiqədə beş məktəbdən 50-si qız, 50-si oğlan olmaqla 100 şagird iştirak edib. Məktəblilər idmanın müxtəlif növləri üzrə qüvvələrini sınayıblar. Qaliblərə Əməliyyat Komitəsi tərəfindən hazırlanmış kubok, diplom, məlumat kitabçaları, qalib komandaya isə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə biletlər təqdim olunub.
Horadiz şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Jalə Sadıqlı təəssüratlarını belə ifadə edib: “Çox sevinirəm ki, şəhərimizdə məktəblilər arasında belə bir gözəl yarış keçirildi. İştirak etdiyim komanda yarışda qalib gəldiyi üçün mənə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminin bileti təqdim edildi. Belə bir mötəbər tədbirdə iştirak edəcəyim üçün sevincimin həddi-hüdudu yoxdur”.
1news.az