Aprelin 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyəti və Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə Bakıda Qafqazşünasların Birinci Beynəlxalq Forumu işə başlayıb.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, iki günlük Forumda Azərbaycan, Rusiya, Türkiyə, ABŞ, Böyük Britaniya, İsrail, İran, Qazaxıstan, Özbəkistan, Ukrayna və Gürcüstandan 175 alim və tədqiqatçı iştirak edir.
Forumun açılış mərasimində əvvəlcə Azərbaycanın dövlət himni səsləndirildi.
Sonra Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Azərbaycan Prezidenti İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxudu.
AMEA-nın prezidenti Akif Əlizadə tədbirdə çıxış edərək tarixdə ilk dəfə keçirilən bu Forumun əhəmiyyətindən danışdı. Bildirdi ki, Qafqaz dünyanın bir çox dövlətlərinin diqqət mərkəzində və maraq dairəsində olan həssas siyasi duruma malik regiondur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Qafqaz regionuna olan marağı bu cür ifadə edib: “Qafqaz dünyanın böyük dövlətlərinin diqqət mərkəzindədir, dünyanın diqqətini cəlb edir”. Məlum olduğu kimi, Qafqaz regionunda bir çox mürəkkəb və həllini tapa bilməyən problemlərin mövcudluğu, işğalın və münaqişələrin davam etməsi daha çox bəzi ölkələrin, əsasən böyük dövlətlərin maraqlarının burada toqquşması ilə bağlıdır. Belə bir şəraitdə aşağıdakı bir çox suallara dərin elmi əsaslandırılmış cavabların verilməsinə ehtiyac var. Həmin maraqlar nədən ibarətdir? Ayrı-ayrı dövlətlərin regionda yürütdükləri siyasətin məqsədləri nədir? Həmin məqsədləri reallaşdırmaq üçün hansı üsullardan istifadə edilir? Onların ortaq maraqlarını uzlaşdırmaq mümkündürmü? Region ölkələrinin daxilində hansı ictimai-siyasi, iqtisadi və digər proseslər gedir və onların nəticələri necə ola bilər? Regiondakı problemləri tənzimləmək üçün hansı elmi əsaslandırılmış proqnozlar irəli sürmək olar? Hesab edirəm ki, bu və ya digər çoxlu suallara əhatəli elmi cavabı qafqazşünas alimlər apardıqları elmi-tədqiqat işləri ilə verə bilərlər.
Qeyd edilib ki, Ermənistanın beynəlxalq hüququn bütün normalarını kobudcasına pozaraq Azərbaycana etdiyi hərbi təcavüz nəticəsində ərazimizin 20 faizi işğal olunub, bir milyondan çox azərbaycanlı daimi yaşayış yerlərindən didərgin salınıb. Bu gün Qafqaz regionunda mövcud olan bir çox problemlərin başlıca səbəbi Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti ilə bağlıdır. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, işğala son qoyulmasında və digər problemlərin həllində alimlərin tədqiqatları mühüm rol oynaya bilər.
Bildirilib ki, Qafqaz regionu, eyni zamanda, terror hadisələri ilə, risklər və təhdidlərlə doludur. Bu problemlərin dərindən araşdırılması, bölgədə cərəyan edən hadisələrin öyrənilməsi və mürəkkəb proseslərin qarşısının alınması üçün elmi əsaslandırılmış proqnozların verilməsinə də ehtiyac var. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Biz dünyada, bölgədə gedən prosesləri izləyərək çalışmalıyıq ki, ölkəmiz üçün riskləri nə qədər mümkünsə minimum səviyyəyə endirək”.
Dövlətimizin başçısının bu fikirləri qafqazşünas alimlərin – regionşünasların, siyasətşünasların, siyasi tarix, beynəlxalq hüquq problemləri ilə məşğul olanların və digərlərinin üzərinə böyük vəzifələr qoyur. Həmin çağırışlardan irəli gələrək alimlərimizin yaşadığımız Qafqaz regionunun geosiyasətinə, region dövlətlərində cərəyan edən hadisələrə, ictimai-siyasi, iqtisadi proseslərə, bu ölkələrin qarşılıqlı münasibətlərinə, böyük dövlətlərin və digər ölkələrin regiona dair siyasətlərinə, münaqişələrə, terrorizmə dair dərin elmi-tədqiqatlar aparmaları və dəyərli əsərlər ortaya qoymalarına indi daha çox ehtiyac var. Həmin əsərlərin təkcə elmi-nəzəri deyil, eyni zamanda, praktik əhəmiyyət daşıyacağı, diplomatlar, siyasətçilər üçün faydalı olacağı və müvafiq qurumlar tərəfindən istifadə ediləcəyi də şübhəsizdir.
Biz bütün bunları əsas götürərək Qafqazşünasların Birinci Beynəlxalq Forumunu keçirməklə dünyanın müxtəlif ölkələrindən olan qafqazşünas alimləri çoxtərəfli formatda bir araya gətirmək, Forum çərçivəsində onların ikitərəfli əməkdaşlığının əsasını qoymaq və perspektiv məsələlərə dair elmi müzakirələr aparmağı lazım bilmişik. Qafqaz problemlərinə dair elmi-tədqiqat işləri aparan alimlərin bir-birini daha da yaxından tanımalarına, səylərini əlaqələndirmələrinə, çoxtərəfli və ikitərəfli formatlarda əməkdaşlıq etmələrinə ciddi ehtiyac var. Ənənəvi olaraq keçirilməsi nəzərdə tutulan bu Forum həmin istiqamətdə atılan ciddi addımlardan biridir. Müxtəlif ölkələrin qafqazşünas alimlərinin belə geniş əməkdaşlığı ümumi işimizə yalnız fayda verəcək.
Rusiya Elmlər Akademiyasının Cənub Elm Mərkəzinin rəhbəri akademik Gennadi Matişov bildirib ki, Azərbaycan ilə Rusiya arasında yaxşı siyasi əlaqələr mövcuddur. Bu gün Rusiya bazarlarına daxil olarkən Azərbaycanın kənd təsərrüfatı məhsullarına rast gəlirik. Bu da onu göstərir ki, ölkələrimiz arasında iqtisadi əlaqələr də yüksək səviyyədədir.
“Biz çalışmalıyıq ki, xalqlarımız arasındakı əlaqələr daha da möhkəmlənsin” deyən akademik Azərbaycanın çoxmillətli, multikultural ölkə olduğunu bildirib, Bakının gözəlliyinə, buradakı yaraşıqlı binalara heyran qaldığını diqqətə çatdırıb.
Bu gün Forumda müzakirə ediləcək məsələlərin çox aktual olduğunu qeyd edən alim bildirib ki, birgə səylərlə problemlərin həlli yollarını tapmağa çalışmalıyıq. Tarixi mənbələr təhlil edilməlidir. Biz tarixin düzgün yazılmasına çalışmalıyıq. Əks halda, biz ümumi rəyə gələ bilməyəcəyik.
Türk Tarix Qurumunun sədri professor Refik Turan xalqların yaşadıqları ərazilərin onların şüurlarına, davranışlarına təsir etdiyini bildirib. O, Qafqaz regionundakı xalqların da özünəməxsus xüsusiyyətlərə malik olduğunu qeyd edib. Vurğulayıb ki, bu bölgənin zənginliyinin əsas səbəblərindən biri böyük tarixə malik olması və müxtəlif vaxtlarda insanların buraya köçləridir.
Qafqaz regionunun zənginləşməsində türk xalqlarının önəmindən danışan türkiyəli professor türklərin müxtəlif vaxtlarda bölgədəki əhəmiyyətli rollarından söhbət açıb.
Refik Turan Qafqazın bu gün dünyada insan, enerji və coğrafiya amillərinə görə böyük potensialının olduğunu vurğulayıb. O deyib ki, strateji coğrafiya bölgəmizin dünya dövlətləri üçün önəmini daha da artırır. Qafqaz həm də fərqli toplumların, mədəniyyətlərin zənginliyi ilə seçilir. Araşdırmalar göstərir ki, Qafqaz bölgəsi dünya nizamın formalaşmasındakı rolunu gələcəkdə də davam etdirmək iqtidarındadır. Çünki bu bölgə hər zaman dünya dövlətlərinin diqqət mərkəzindədir.
Qeyd edilib ki, Qafqaz regionunda olan enerji resursları da bölgənin əhəmiyyətini artırır. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri region ölkələri arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində atılan addımlardandır.
Forumun yüksək səviyyədə təşkilinə görə AMEA-ya təşəkkürünü bildirən Gürcüstan Elmlər Akademiyasının vitse-prezidenti akademik Roin Metreveli deyib ki, region tarixçilərinin, xüsusən də qafqazşünasların bölgədəki vəziyyətin, qloballaşmanın öyrənilməsində rolları böyükdür. Qafqazşünaslar dövlətlərimiz arasında əlaqələrin möhkəmləndirilməsi yollarının araşdırılması istiqamətində xeyli işlər görüblər. Bu Forum bizə gələcəkdə birgə işləmək, əlaqələrimizi möhkəmləndirmək baxımından böyük üstünlüklər verəcək.
Forumun əhəmiyyətini yüksək qiymətləndirən Rusiya Federasiyası Çeçenistan Respublikası Elmlər Akademiyasının prezidenti akademik Şaxrudin Qapurov Azərbaycanda ilk dəfə olduğunu, Bakının gözəlliyinə, təmizliyinə heyran qaldığını bildirib. O deyib ki, Bakı qədimliyini qorumaqla müasir bir şəhərə çevrilib. Burada qədim binalar müasir tikililərlə vəhdət təşkil edir.
Azərbaycan Milli Elmlər Akademiyasının dünyada elmi nailiyyətləri ilə şöhrət qazandığını vurğulayan Ş.Qapurov bu Forumun alimləri elmi əməkdaşlığa cəlb etdiyini, əlaqələrin daha da genişlənməsi üçün imkanlar açdığını söyləyib.
Rusiya-Azərbaycan əlaqələrinə toxunan qonaq qeyd edib ki, Rusiyada yaşayan azərbaycanlılarla çeçenlər arasında da çox yaxın münasibətlər mövcuddur.
Böyük Britaniya Mərkəzi Asiya və Şərq Kral Cəmiyyətinin həqiqi üzvü professor Mixail Basxanov Qafqazşünasların Birinci Beynəlxalq Forumunun unikal bir platforma olacağına əminliyini bildirib. Qeyd edib ki, Qafqaz bölgəsi öz mədəniyyəti, tarixi, geostrateji mövqeyinə görə xüsusi əhəmiyyət daşıyır. Əbəs deyil ki, Qafqazı hər zaman dünyanın mədəniyyət guşəsi adlandırıblar. Qafqaz tarix boyu özünün nadir keyfiyyətlərini dünyaya nümayiş etdirib. Bildirilib ki, Qafqaz həm də dünyanın strateji xəritəsində önəmli rola malikdir. Region dünyada balanslaşdırmanın qorunmasında əhəmiyyətli rol oynayır. Həmçinin bölgədə bir sıra problemlər var ki, bunlar da müxtəlif tarixi amillərlə bağlıdır. Forumun məqsədi məhz bu problemlərin oyrənilməsinə və birgə yolların axtarılmasına, Qafqaz xalqları arasında dialoqun daha yaxşı qurulmasına xidmət edir.
Koastal Karolina Universitetinin professoru Kristofer Qann bildirib ki, Qafqaz böyük tarixə malik və dünyaya örnək olacaq bir regiondur. O, dünyada Qafqaz regionuna xüsusi diqqət yetirilməsinin vacibliyini bildirərək deyib: “Multikulturalizm nöqteyi-nəzərindən bu region dünyaya örnəkdir. Biz bu Forumda Qafqaz regionundakı vəziyyəti nəzərdən keçirəcəyik. Əminəm ki, bu Forumun nəticələri elmimizə, sülhə töhfələr verəcək”.
K.Qann bu Forumda iştirak etməyin onun üçün şərəf olduğunu deyib. “Bu Forum bizi ümumi işimizə töhfə vermək üçün daha da yaxınlaşdıracaq, regionda sülhün, sabitliyin yaranmasına xidmət edəcək”, - deyə o əlavə edib.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı akademik İsa Həbibbəyli bildirib ki, böyük tarixə, zənginliklərə malik Qafqaz tarix boyu daha çox iqtisadi, siyasi və hərbi amillərə görə dünyanın maraq dairəsində olub. Regionumuz ağır hərbi əməliyyatlara şahidlik etmiş bir məkandır. AMEA-nın bu Forumu keçirməkdə əsas məqsədi dünyanın diqqətini Qafqazdakı elmi münasibətlərə yönəltməkdir. Demək olar ki, dünyanın bütün qitələrində qafqazşünaslıq elmi ilə məşğul olurlar. Çünki Qafqaz qədim tarixə malikdir.
Qeyd edilib ki, Qafqaz həm də demoqrafiq cəhətdən unikal bir regiondur. Statistikaya görə, Qafqazda 70-ə yaxın müxtəlif xalq, millət, etnik qrup fəaliyyət göstərir. Müxtəlif dinlərin nümayəndələrinin yanaşı yaşaması baxımından da Qafqazın böyük təcrübəsi var. Qafqaz, həmçinin dinlərarası dialoqu öyrənmək üçün zəngin bir mənbədir. Burada müxtəlif xalqlar yaşadığı üçün regionumuzda zəngin mədəniyyət mövcuddur. Ona görə də çoxmillətli cəmiyyəti, multikultural dəyərləri öyrənmək baxımından da Qafqazın verdiyi imkanlar daha böyükdür. Qafqaz həm də böyük ədəbiyyatın ilham qaynaqlarından biridir.
İsa Həbibbəyli vurğulayıb ki, müstəqil Azərbaycan dövləti Qafqazda sülhün, sabitliyin, multikulturalizmin bərqərar olması üçün ciddi addımlar atır. Ulu öndər Heydər Əliyevin uzaqgörənliklə araya-ərsəyə gətirdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri iqtisadi əhəmiyyəti ilə yanaşı, Qafqaz xalqları arasında münasibətlərin formalaşmasına da mühüm töhfələr verməkdədir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi də bu düşünülmüş siyasətin daha da dərinləşməsinə xidmət edir.
Sonra AMEA-nın yubiley medallarının təqdim edilməsi mərasimi olub.
Akademik Akif Əlizadə AMEA-nın yubiley medalını Türk Tarix Qurumunun sədri professor Refik Turana, Rusiya Elmlər Akademiyası Cənub Elm Mərkəzinin sədri akademik Gennadi Matişova, Gürcüstan Elmlər Akademiyasının vitse-prezidenti akademik Roin Metreveliyə və Rusiya Federasiyası Çeçenistan Respublikası Elmlər Akademiyasının prezidenti akademik Şaxrudin Qapurova təqdim edib.
Tədbir çərçivəsində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutu ilə Rusiya Elmlər Akademiyasının Cənub Elm Mərkəzi arasında ikitərəfli elmi əməkdaşlığa dair niyyət memorandumu imzalanıb.
Sənədi Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı və Cənub Elm Mərkəzinin sədri Gennadi Matişov imzalayıblar.
Bundan başqa, AMEA-nın Qafqazşünaslıq İnstitutu ilə Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin Tarix İnstitutu arasında əməkdaşlığa dair niyyət memorandumu imzalanıb.
Memorandumu Musa Qasımlı və Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin Tarix İnstitutunun direktoru Kamal Çiçək imzalayıblar.
Daha sonra AMEA-nın “Azərbaycanlılara qarşı soyqırımı tədqiqatları komissiyası”nın və AMEA Qafqazşünaslıq İnstitutunun nəşri olan “Soyqırımı həqiqətləri” kitabının təqdimatı olub.
Forum işini bölmə iclasları ilə davam etdirib.
1news.az