Bu gün Bakı şəhərində “Çəyirkələrin monitorinqi və məlumat mübadiləsi” üzrə seminar öz işinə başlayıb.
1news.az-ın məlumatına görə, BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatının (FAO) “Qafqaz və Orta Asiyada çəyirtkələr əleyhinə milli və regional mübarizənin təkmilləşdirilməsi proqramı”na (GCP/SEC/004/TUR layihəsi) müvafiq olaraq təşkil olunan tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev, FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələdirmə Ofisinin rəhbəri Mələk Çakmak, FAO-nun beynəlxalq məsləhətçiləri – çəyirtkələr üzrə baş məsləhətçi Aleksandr Laçıninskiy, coğrafi informasiya sistemləri üzrə ekspert Nadiya Muratova və Dövlət Fitosanitar Nəzarəti Xidmətinin əməkdaşları iştirak edirlər.
Tədbiri giriş sözü ilə açan Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi C.Quliyev Azərbaycanda kənd təsərrüfatının inkişafı sahəsində həyata keçirilən tədbirlər barədə danışıb və son illər çəyirtkəkimilərə qarşı görülən aqrotexniki və kimyəvi mübarizə tədbirləri barədə məlumat verib.
Xidmət rəisi aparılan mübarizə tədbirləri nəticəsində kənd təsərrüfatı bitkilərinin qorunmasında, adıçəkilən zərərvericilərin zərərsizləşdirilməsində və məhv edilməsində əldə edilmiş müsbət nəticələr barədə danışıb və təlimin kənd təsərrüfatı bitkilərinin xüsusi təhlükəli zərərvericisi olan çəyirtkəkimilərin idarə edilməsində, erkən xəbərdarlıq və çevik müdaxilə proqnozlarının hazırlanmasında önəmli rol oynayacağını qeyd edib.
Azərbaycanın kənd təsərrüfatı sahəsində güclü potensiala malik olduğunu söyləyən FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələdirmə Ofisinin rəhbəri M.Çakmak FAO-nun Azərbaycanda həyata keçirdiyi layihələr və bitki sağlamlığı məsələlərinin əhəmiyyəti barədə məlumat verib. Mələk Çakmak, bitkilərin zərərvericilərdən qorunmasının vacib olduğunu iştirakçıların diqqətinə çatdırıb.
Beynəlxalq məsləhətçi A.Laçıninskiy iştirakçıları təlimin iş planı ilə tanış edib.
Seminarda nəzəri və əməli məşğələlərin təşkil olunacağı barədə məlumat verilib.
Qeyd edək ki, aprel ayının 22-nə kimi davam edəcək təlim sessiyasında zərərverici əleyhinə mübarizə tədbirlərini müasir tələblər səviyyəsinə çatdırmaq üçün çəyitkələrin bioekologiyası, davranış və miqrasiyaları, onların miqdarca tənzimlənməsi məsələləri, monitorinqin əsasları, çəyirtkələrin miqdar və yayılmalarının qiymətləndirilməsi üsulları, çəyirtkələr üzrə məlumatların standartlaşdırılması, məlumat toplanmasının avtomatlaşdırılması sistemi və çəyirtkələrlə bağlı proqnozların hazırlanması məsələlərinə dair təqdimatlar keçiriləcək.
Praktiki vərdişləri aşılamaq üçün zərərvericinin çoxalması mənbələrində tarla təcrübəsi və çəyirtkələr üzrə müasir müayinə üsulları nümayiş olunacaq. Təlim çəyirtkələrə dair statistik informasiyanın daxil olunması üçün interfeys və coğrafi informasiya sistemi məhsullarının yaradılması ilə yekunlaşacaq.
Babək Cahandarov