Aprelin 17-də təhsil naziri Mikayıl Cabbarov Yardımlı şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayon sakinlərini qəbul edib.
Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, qəbuldan əvvəl təhsil naziri Mikayıl Cabbarov və Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.
Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, gənc müəlimlər üçün həvəsləndirmə tədbirlərinin tətbiqi, təhsil haqqından azad olunma, müəllim əməyinin qiymətləndirilməsi və digər məsələlərlə əlaqədar müraciət ediblər.
Qəbulda vətəndaşların müraciəti dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
1news.az