Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri aprelin 16-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 918 qəlpə aşkar ediblər. Mina və partlamamış hərbi sursat aşkar edilməyib. Ümumilikdə, 33 min 541 kvadratmetr ərazi yoxlanılıb.
1news.az-a ANAMA-nın mətbuat xidmətindən verilən xəbərə görə, 58 gün ərzində agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. İyirmi yeddi partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib. Baxış zamanı 1 milyon 856 min 680 kvadratmetr ərazi yoxlanılıb.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
Agentlik tərəfindən yanvarın 1-dən aprelin 16-dək 5129 partlamamış hərbi sursat, tank əleyhinə 81 mina və piyada əleyhinə 9 mina aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 1 milyon 913 min 444 kvadratmetr ərazi yoxlanılıb.
1news.az