Aprelin 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın növbəti iclasında Böyük Britaniyanın Milli Arxivində saxlanılan Azərbaycan tarixinə dair sənədlərin Azərbaycana gətirilməsi ilə bağlı müzakirələr aparılıb.
Tarix İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, iclasda bu arxivin fondlarında araşdırma aparan institutun “Azərbaycan Xalq Cümhuriyyəti tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Maksvellin məruzəsi dinlənilib.
Müəyyən olunub ki, 1914-1920-ci illər tarixini, o cümlədən Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dönəmini araşdırmaq üçün Böyük Britaniyanın Milli Arxivində qiymətli sənədlər var. Nigar Maksvell tarixçi-alimlərə məlumat verib ki, arxivin fondlarında Azərbaycan tarixi ilə bağlı 1200-dən çox sənəd aşkar edib. Elmi Şuranın iclasında bu sənədlərin gətirilməsi ilə bağlı müzakirə zamanı müvafiq qərar qəbul edilib. Elmi Şuranın qərarına əsasən, bu arxiv sənədlərinin İngiltərədən Azərbaycana gətirilməsi üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırılacaq.
Tarix İnstitutunun şöbə müdiri N.Maksvell Böyük Britaniyanın Milli Arxivində araşdırma apararkən AXC dönəmi, Azərbaycan-Gürcüstan münasibətləri, Ermənistan (Ararat) Respublikasının təcavüzkar siyasəti, böyük dövlətlərin Azərbaycan ərazisini işğal etmək planları, Zəngəzur və Naxçıvanın tarixi ilə bağlı çoxsaylı sənədlər aşkar edib.
Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov iclasda çıxışı zamanı deyib ki, Azərbaycan Xalq Cümhuriyyətini quran ziyalıların xalqımız qarşısında ən böyük xidməti Azərbaycan dövlətçiliyini dirçəltmələridir: “AXC bizim tariximizin şərəf səhifəsidir. Tarixi şəxsiyyətlərimizi, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin xadimlərini qarşı-qarşıya qoymaq düzgün deyil, onları xalqımıza olduğu kimi, doğru-düzgün təqdim etmək lazımdır”.
Qeyd edək ki, ingilis və rus dillərində çap olunmuş “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Böyük Britaniyanın arxiv sənədlərində” toplusunun tərtibçisi Nigar Maksvelldir.
1news.az