İtaliyada “Trans-Adriatik” qaz boru kəmərinin tikintisi ilə bağlı bir sıra çətinliklər hələ də qalır.
Energetika Nazirliyindən 1news.az-a verilən məlumata görə, bunu energetika naziri Natiq Əliyev ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşündə deyib. Görüşdə mayın əvvəlində keçiriləcək “Hyuston Offşor Texnologiya Konfransı”, enerji sahəsində əməkdaşlıq, enerji təhlükəsizliyi və dünya enerji bazarında son vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
“Offşor Texnologiya Konfransı” barədə məlumat verən ABŞ səfiri bildirib ki, bu tədbir dəniz ehtiyatları və ətraf mühit məsələləri üzrə elmi-texniki bilikləri təkmilləşdirmək məqsədilə enerji mütəxəssislərinin fikir mübadiləsi apardıqları mühüm platformadır. Yüz ölkəni təmsil edən 2300-dən çox sərgi iştirakçısının qatıldığı konfrans neft-qaz sənayesi üçün qlobal əhəmiyyət daşıyır. Səfir SOCAR-ın timsalında Azərbaycanın konfransda iştirakının Xəzərin enerji resurslarının, enerji mərkəzi kimi imkanlarının nümayişi baxımından vacibliyini diqqətə çatdırıb.
R.Sekuta “Cənub Qaz Dəhlizi” layihəsinin gedişi ilə də maraqlanıb. N.Əliyev səfiri layihə üzrə görülən işlər və mövcud çətinliklər barədə məlumatlandırıb. Qeyd olunub ki, “Şahdəniz - Mərhələ 2”, “Cənub Qafqaz Boru Kəmərinin Genişləndirilməsi”, “Trans-Anadolu” qaz boru kəməri” layihələri üzrə işlərin gedişi qənaətbəxş səviyyədədir. Lakin İtaliyada “Trans-Adriatik” qaz boru kəmərinin tikintisi ilə bağlı bir sıra çətinliklər hələ də qalır. Nazir bu problemlərin “Cənub Qaz Dəhlizi” layihəsinin vaxtında yekunlaşmasına mümkün təsirlərindən narahatlığını ifadə edib. İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalendanın TAP layihəsi ilə bağlı mövqeyini yüksək qiymətləndirən N.Əliyev “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü görüşünün işlərin sürətlənməsinə və prosesin irəliləməsinə töhfə verdiyini də vurğulayıb. Səfir isə ABŞ-ın “Cənub Qaz Dəhlizi” layihəsinin icrasını daim diqqətdə saxladığını və bu dəstəyin davamlı olduğunu bildirib.
Görüşdə həmçinin dünya neft bazarında qiymət sabitliyinə nail olmaq məqsədilə atılacaq növbəti addımlar barədə də müzakirələr aparılıb. N.Əliyev OPEC-in və təşkilata üzv olmayan ölkələrin hasilatın azaldılması ilə bağlı birgə qərarının işlək olduğunu və bazara müsbət təsir etdiyini bildirib.
Tərəflər Azərbaycan-ABŞ enerji əməkdaşlığının digər istiqamətləri üzrə də müzakirələr aparıblar.
1news.az