Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev Bakı Şopinq Festivalının Azərbaycan mədəniyyətinin, mətbəxinin, ənənələrinin təqdimatı, eləcə də Bakını rusiyalı turistlər üçün daha da cəlbedici edəcəyini düşünür.
Dmitri Savelyev Festivalla bağlı AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb.
- Bakı Şopinq Festivalının Azərbaycan üçün əhəmiyyəti nədir? Bu festivalın keçirilməsi regionda, xüsusən də Azərbaycanda turizm və sahibkarlığın inkişafına necə təsir göstərəcək?
- Ticarət festivallarının keçirilməsi ideyası bir çox ölkələr tərəfindən uğurla reallaşdırılır. Öz ticarət festivalının, habelə gözəllik müsabiqələrinin keçirilməsi, Azərbaycan mədəniyyətinin, mətbəxinin, ənənələrinin və digərlərinin təqdimatı, Bakını turistlər, xüsusən də rusiyalı turistlər üçün daha da cəlbedici edəcək. Birincisi, ruslar Azərbaycan brendləri ilə yaxşı tanışdırlar və bu ölkənin məhsullarının keyfiyyətini yüksək qiymətləndirirlər. Festivalın təşkilatçıları kifayət qədər endirimlər edəcəklərini bildiriblər.
İkincisi, festivalın keçirilmə vaxtı yaxşı seçilib. Bir çox Rusiya vətəndaşı may ayındakı bayramlar ərzində qısamüddətli tətillər təşkil etməyə çalışırlar. Bizim ən yaxın qonşumuz Azərbaycan bunun üçün ideal variantdır: gözəl hava, möhtəşəm mətbəx, unikal mədəni abidələr, demək olar ki, hər kəs rus dilində danışır və uçuş müddəti qısadır. Ona görə də festival keçirilməsi ideyası kifayət qədər müasir və vədedicidir.
- Bu festivalın keçirilməsi Azərbaycana müxtəlif ölkələrdən turist axınına səbəb olacaqmı ? Bu məqsədə nail olmaq üçün hansı addımlar atılmalıdır?
- Bu gün, Azərbaycan bütün turist növlərinə bir çox şeylər təklif edir. Ticarət festivalı eyni zamanda, ölkəni tanımaq üçün böyük imkandır. Əminəm ki, Bakını ziyarət etmiş qonaqların böyük əksəriyyəti bir neçə dəfə geri qayıdacaqlar. Bir səyahət, heç İçərişəhərdə hər şeyi görməyə imkan vermir, qaldı ki, öz qədim və həqiqətən valehedici mədəniyyəti ilə bütün Azərbaycanı. Öz təcrübəmdə Bakını gördükdən sonra ona aşiq olmayan bir nəfərə də rast gəlməmişəm.
Hər kəsin zövqünə uyğun marşrutlar vardır. Gələcək haqqında fikirləşsək, mən gənclər turizminə diqqət yetirərdim – hostellər tikərdim, Azərbaycanın malik olduğu konsert və idman zallarının imkanlarından istifadə edərdim. Bu yolla Azərbaycan dostları, ailəsi, uşaqları və qohumları ilə davamlı olaraq yenidən ölkəyə səyahət edən sadiq turistlər əldə edəcək.
AZƏRTAC