“Silk Way Airlines” aviaşirkəti Bakıdan Cibutiyə ilk yük aviareysini yerinə yetirib.
1news.az-a şirkətdən verilən xəbərə görə, bu, hər iki ölkə arasında hər həftə müntəzəm reyslərin yerinə yetirilməsi üzrə böyük proqramın həyata keçirilməsinin başlanğıcı oldu. Bununla da, Şərqi və Mərkəzi Afrika ölkələri Azərbaycana öz qapılarını açdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən bu reys ilə Cibuti Respublikasına ümumi çəkisi təxminən 76 ton olan ərzaq məhsulları və içməli sudan ibarət humanitar yardım çatdırılıb.
Eyni zamanda ilk reys vasitəsilə Azərbaycan istehsalçılarının "Made in Azerbaijan" brendi altında 30 ton məhsulları göndərilmişdir. Xüsusilə, aşağıdakı Azərbaycan istehsalçılarının - Gilan Holding, Gazelli Group və Azersun Holding şirkətlər qrupu, Aznar QSC, Az-Granata MMC, Delta Group, Şami Keci Fermasi MMC, Xurcun və digər şirkətlərin məhsulları göndərilib.
Azərbaycan məhsullarının yeni bazarda təqdimatı iki ölkə arasında qarşılıqlı ticarət əlaqələrinin başlanması və ticarət dövriyyəsinin artırılması üçün böyük stimul olacaq.Azərbaycan və Cibuti arasında müntəzəm uçuşların başlaması iki ölkə arasında ikitərəfli iqtisadi əlaqələrlə yanaşı, siyasi və mədəni əlaqələrin inkişafına da töhfə verəcək.
Bundan əlavə, Azərbaycan və Cibuti arasında mülki aviasiya sahəsində iki protokol imzalanmışdır. Sənədləri Azərbaycan tərəfdən "AZAL"-ın Prezidenti Cahangir Əsgərov, Cibuti tərəfdən isə ölkənin Mülki Aviasiya Administrasiyasının rəhbəri Almis Mahmud Haid və "Air Djibuti"-nin icraçı direktoru Əbubəkir Ömər Hadi imzalanıb.
Sənədlər İCAO-nun tələblərinə uyğun Cibuti Mülki Aviasiya Administrasiyasının normativ və requlyativ sənədlərinin hazırlanmasında Azərbaycanın köməyi, eləcə də bu ölkə üçün mülki aviasiya sahəsində mütəxəssislərin hazırlanmasını nəzərdə tutur.
Qeyd edək ki, bundan öncə fevral ayında Azərbaycan və Cibuti Respublikası arasında mülki aviasiya sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalanıb.
«Silk Way Airlines» hava gəmiləri parkının genişləndirilməsi ilə Azərbaycanın paytaxtından Nyu-York, Çikaqo, Milan, Lüksemburq, Frankfurt, İstanbul, Dubay, Seul, Honkonq, Şanxaya və Cibutiyə mövcud birbaşa müntəzəm yük reysləri ilə yanaşı, Tokio, Nayrobi və Dakkaya yeni reyslərin açılmasını planlaşdırır.
Son 10 il ərzində Heydər Əliyev Beynəlxalq Hava Limanı yük aviadaşımalarının böyük logistik mərkəzinə çevrilmişdir. Bu gün Azərbaycanın mülki aviasiyası özünü Şərq və Qərbi birləşdirən böyük İpək Yolu layihəsinin rəsmi aviadaşıyıcısı kimi tanıdıb.
1news.az