Azərbaycan Prezidenti İlham Əliyev Yasamal rayonu Abdulla Şaiq küçəsi 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi ətrafında yaranan vəziyyəti araşdırmaq üçün xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib.
Bu haqda Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AZƏRTAC-a məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Yasamal rayonu Abdulla Şaiq küçəsi 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi ilə bağlı yaranmış vəziyyətdən narahat olmuşdur. Dövlət başçısı narazılıq edən inanclı insanların reaksiyasını nəzərə alaraq məscidin söküntüsünün dayandırılması, məsələnin hərtərəfli araşdırılması, binanın texniki vəziyyətinin tam obyektiv qiymətləndirilməsi və müvafiq təkliflərin təqdim olunması məqsədilə xüsusi komissiyanın yaradılması barədə tapşırıq vermişdir.
Əli Həsənov qeyd etmişdir ki, Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra xalqımızın dini-mədəni irsinin qorunub saxlanması və inkişaf etdirilməsi, din və vicdan azadlığının təmin olunması, dövlət-din münasibətlərini tənzimləyən qanunvericiliyin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, dini abidələrin, məscidlərin, ibadət evlərinin təmir və bərpa olunması, hər bir şəxsin dini ehtiyaclarının ödənilməsinə zəruri şəraitin yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil etmişdir.
Azərbaycan xalqının milli-mənəvi və dini dəyərlərinə böyük ehtiramla yanaşan ümummilli lider Heydər Əliyev müstəqilliyin ilk illərində məhdud imkanlara baxmayaraq, Sovet dövründə fəaliyyəti dayandırılmış və yararsız vəziyyətə düşmüş məscidlərin bərpası və yenidən qurulmasına xüsusi diqqət yetirmişdir. Heydər Əliyevin 1994-cü ildə imzaladığı sərəncama əsasən dağıdılmış tarixi Bibiheybət məscid-ziyarətgah kompleksi yenidən tikilərək 1998-ci ildə dindarların istifadəsinə verilmişdir.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dini məbədlərin bərpası işləri sonrakı dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondu tərəfindən daha genişmiqyaslı şəkildə davam etdirilmişdir. Təzəpir məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Şamaxı Cümə məscidi, Gəncə “İmamzadə” kompleksi və onlarla digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilmiş, habelə Heydər Məscidi kimi Cənubi Qafqazın ən böyük və müasir məscidi tikilmişdir. Bundan başqa, Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkənin müxtəlif regionlarında çoxsaylı məscid və ibadət evlərini bərpa etmişdir.
Ümumilikdə, əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, 2017-ci ilin əvvəlinə onların sayı 2166-ya çatmışdır. Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur.
İslam dini-mənəvi dəyərlərinə sıx bağlı olan Azərbaycanda dini bayramlar mütəmadi qaydada dövlət səviyyəsində qeyd olunur, dini ayinlərin icrasına hərtərəfli şərait yaradılır. Təsadüfi deyil ki, dini tolerantlığın məkanı kimi tanınan ölkəmizdə tarixdə ilk dəfə olaraq Heydər Məscidində vəhdət namazı qılınmışdır. Azərbaycanda heç vaxt dini və milli ayrı-seçkilik olmamış, bütün dinlərin nümayəndələri dinc və qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, bu bizim həyat tərzimizdir, irəliyə doğru inamla getməyin ən optimal yoludur.
Azərbaycan həm də dünyada İslam mədəniyyətinin təbliği sahəsində önəmli tədbirlər həyata keçirir, islamofobiya meyllərinə qarşı açıq mübarizə aparır. Prezident İlham Əliyev xarici səfərləri çərçivəsində, beynəlxalq tədbirlərdə İslam dünyasını ləyaqətlə təmsil edir, öz çıxışlarında islamofobiyanı kəskin pisləyir, İslam mədəni irsinin və multikulturalizm ideyasının təşviqinə əməli töhfə verir. Fransanın məşhur Luvr muzeyində İslam bölməsinin yaradılması, Vatikanda İslam mədəniyyətini təbliğ edən sərginin təşkili Azərbaycanın bu istiqamətdə atdığı çox önəmli addımlardır. Təsadüfi deyil ki, Bakı şəhəri 2009-cu ildə İSESCO-nun dəstəyi ilə İslam mədəniyyətinin paytaxtı elan olunmuş, həmçinin qədim şəhərimiz Naxçıvan 2018-ci ildə ikinci dəfə Azərbaycanı bu statusda təmsil edəcəkdir.
2017-ci ili “İslam Həmrəyliyi İli” elan edən Azərbaycan müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərmək üçün çoxsaylı tədbirlər təşkil edir. May ayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları təkcə idman yarışı yox, eyni zamanda, bütün İslam dünyasının birlik, həmrəylik günləri olacaqdır.
Prezidentin köməkçisi vurğulamışdır ki, son illər respublikamızda genişmiqyaslı quruculuq-abadlıq işləri həyata keçirilir, bütün sosial-iqtisadi və mədəni infrastruktur müasirləşdirilir. Bakı şəhərində ən müasir standartlara uyğun parklar, xiyabanlar, yollar salınır, yeni binalar tikilir. Bu mənada Bakının Yasamal rayonunun “Sovetski” adlandırılan ərazisində aparılan yenidənqurma işləri paytaxtımızda həyata keçirilən quruculuq-abadlıq işlərinin tərkib hissəsidir. Həmin ərazidə köhnə, istifadəyə yararsız, lazımi kommunal şəraiti olmayan, paytaxtımızın müasir görünüşü ilə uyğunlaşmayan evlər və sosial obyektlər sökülür, vətəndaşlar şəhərin başqa yerlərində yeni müasir mənzillərlə təmin olunur. Həm də əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş bu tədbirlər sakinlər tərəfindən razılıqla qarşılanır.
Əli Həsənov ölkə prezidentinin məscidin söküntüsünün dayandırılması ilə bağlı tapşırıq verdiyini və mövcud vəziyyətin araşdırılması ilə bağlı müvafiq komissiyanın işə başladığını nəzərə alaraq, həmin ərazidə toplaşan insanları təmkinlə davranmağa və oranı tərk edərək komissiyanın işi üçün zəruri şərait yaratmağa çağırmışdır.
Görünür ölkəmizin inkişafını, İslam mədəniyyətinin təbliği ilə bağlı irəli sürdüyü sanballı təşəbbüsləri və atdığı praktiki addımları qısqanclıqla qarşılayan bəzi xarici dairələr və onların təsiri altında olan və özlərini din təəssübkeşləri kimi qələmə verən müəyyən qruplar hər vəchlə dövlətin həyata keçirdiyi siyasəti gözdən salmağa, onun mahiyyətini təhrif etməyə və ictimai rəyi çaşdırmağa çalışırlar.
AZƏRTAC