ABŞ-ın “United Airlines” şirkəti yeni qalmaqalın mərkəzinə düşüb.
1news.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, buna şirkətə məxsus təyyarə ilə uçmaq istəyən sərnişinlərdən birinin zorla təyyarədən endirilməsi səbəb olub.
Qeyd edək ki, hadisə aprelin 9-da Çikaqodakı “Ohara” beynəlxalq aeroportunda Luisvill şəhərinə uçmağa hazırlaşan təyyarənin içində baş verib. Belə ki, bütün sərnişinlər təyyarəyə daxil olduqdan sonra onlara təyyarənin yükləndiyini və bu səbəbdən də “United Airlines” şirkətinin əməkdaşları üçün sərnişinlərin 4 yeri azad etməli olduqları elan edilib. Hətta bunun üçün sərnişinlərə kompensasiya şəklində 800 dollar ödənməsi də təklif olunub.
Buna baxmayaraq sərnişinlərdən heç kim təyyarədən çıxmaq istəməyib. Belə olduqda isə mühafizə xidmətinin işçiləri seçdikləri dörd nəfərin təyyarni tərk etməsini istəyiblər. Bununla razılaşmayan bir nəfəri isə güc tətbiq edərək zorla təyyarədən çölə çıxardıblar. Bu zaman həmin sərnişin üz nahiyəsindən xəsarət də alıb.
Baş verənlər bir sərnişin tərəfindən telefonla lentə alınıb sosial şəbəkədə yerləşdirildikdən sonra “United Airlines” şirkətinə qarşı etirazlar sürətlə artmağa başlayıb. Hətta bir çoxları şirkətdən aldıqları biletləri geri qaytarıblar. Nəticədə şirkətə ciddi ziyan dəyib.
Məlumata görə, zorla çölə çıxarılan sərnişin həkim olub və başqa şəhərə xəstələri müalicə etmək üçün gedirmiş.
1news.az