Bu gün Bakıda IV Beynəlxalq “Caspian Energy Forum-2017” öz işinə başlayıb.
1news.az-ın məlumatına görə, forum iki sessiyadan ibarət olacaq. Birinci sessiya ölkədə həyata keçirilən iqtisadi islahatların ilkin nəticələrinə, ikinci sessiya isə Xəzər regionu dövlətlərinin neft-qaz və enerji sektorunun inkişafına həsr olunacaq. Sessiyada Avropa Komissiyasının enerji birliyi üzrә vitse-prezidenti Maroş Şevçoviçin IV Beynәlxalq “Caspian Energy Forum - 2017” iştirakçılarına video-müraciәtlәri, həmçinin Xorvatiya prezidenti Kolinda Grabar-Kitaroviçin forum iştirakçılarına müraciәti səslənib.
“Caspian European Club” və "Caspian American Club"un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd biznes-dövlət ünsiyyətinin daha da möhkəmləndirilməsinə dəstək olmaqdır. Sonra forum öz işini sessiyalarla davam etdirib.
T. Əliyevin moderatorluğu ilə keçirilən birinci sessiyada Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev "Azərbaycan Respublikasının iqtisadiyyatının islahatlaşmasında Dövlət Gömrük Komitəsinin rolu" mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, ötən il gömrük tarixində ciddi islahatlar və şəffaflığın təmin olunması ilə yadda qalıb. Görülən işlərə elektron bəyannaməyə keçid, yaşıl dəhlizin tətbiqi və s. daxildir.
Forumda Azərbaycanın, Xəzər-Qara dəniz və Baltik regionları ölkələrinin dövlət strukturlarının, nazirlik, komitə və idarələrinin rəhbərləri, ölkəmizdə akkreditə edilmiş diplomatik və beynəlxalq missiyaların nümayəndələri, iri beynəlxalq şirkətlərin rəhbərləri iştirak edirlər. Ümumilikdə forumun işində dünyanın 50 ölkəsindən 500 nümayəndə iştirak edir.
Pərvanə Sultanova