ABŞ-ın “United Airlines” şirkətinə məxsus təyyarədən zorla çıxarılan sərniş Devid Daonun kriminal keçmişi olub.
1news.az bu barədə RİA Novosti Courier Journal nəşrinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, Dao ABŞ-a gələnə kimi Vyetnamda tibb təhsili alıb. 2003-cü ildə onu həbs ediblər və gizlin aparılan araşdırmadan sonra narkotiklərlə bağlı cinayətdə günahkar elan edilib.
Dao həmçinin, yayılması qanunla tənzimlənən maddələrlə bağlı da qanunsuz reseptlər yazıb. 2004-cü ildə dələduzluq yolu ilə narkotik maddələrin əldə edilməsinə dair də barəsində cinayət işi açılıb. 2005-ci ildə beş il müddətinə nəzarət altına alınıb. Bir ay sonra isə tibbi lisenziyasından imtina edib.
Ona müəyyən şərtlər daxilində yenidən 2015-ci ildə həkim fəaliyyəti ilə məşğul olmağa icazə verilib.
Qeyd edək ki, aprelin 9-da Çikaqodakı “Ohara” beynəlxalq aeroportunda Luisvill şəhərinə uçmağa hazırlaşan təyyarə yükləndiyi üçün sərnişinlərin 4 yeri azad etməli olduqları elan edilib. Hətta bunun üçün sərnişinlərə kompensasiya şəklində 800 dollar ödənməsi də təklif olunub.
Buna baxmayaraq sərnişinlərdən heç kim təyyarədən çıxmaq istəməyib. Belə olduqda isə mühafizə xidmətinin işçiləri seçdikləri dörd nəfərin təyyarni tərk etməsini istəyiblər. Bununla razılaşmayan bir nəfəri isə güc tətbiq edərək zorla təyyarədən çölə çıxardıblar. Bu zaman həmin sərnişin üz nahiyəsindən xəsarət də alıb.
Baş verənlər bir sərnişin tərəfindən telefonla lentə alınıb sosial şəbəkədə yerləşdirildikdən sonra “United Airlines” şirkətinə qarşı etirazlar sürətlə artmağa başlayıb. Hətta bir çoxları şirkətdən aldıqları biletləri geri qaytarıblar. Nəticədə şirkətə ciddi ziyan dəyib.
Pərvanə Sultanova