Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq üçün keçirilən baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələrini elan edib.
1news.az-ın DİM-ə istinadən verdiyi xəbərə görə, hər bir namizəd bu qurumun internet saytında imtahanın nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.
Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1077 namizəddən 11-i imtahana gəlməyib. Bir namizəd imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub. 664 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyərək ikinci mərhələyə buraxılıb.
Ən yüksək nəticə isə 83 bal olub.
Qeyd edək ki, rezidenturaya qəbul olmaq üçün ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı iyulun 5-də keçiriləcək.
1news.az