Keçən il dekabrın 15-də Xəzərdə estakadada baş verən bədbəxt hadisə nəticəsində itkin düşən neftçilərin axtarışı ilə bağlı yaradılan Axtarış-xilasetmə Qərargahı yeni məlumat yayıb.
Qərargahdan 1news.az-a verilən məlumata görə, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində aprelin 9-u aşkar edilən kişi meyitinin “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxarma sahəsində “əmtəə operatoru” vəzifəsində çalışmış 1967-ci il təvəllüdlü Bəhramov Cavid Həyatxan oğluna məxsus olduğu müəyyən edilib.
Mərhumun meyiti ailəsinə təhvil veriləcək.
1news.az