Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 11 apreldə növbəti hərrac baş tutub.
Komitədən 1news.az-a verilən məlumata görə, hərracda özəlləşdirilən əmlakların 3-ü kiçik dövlət müəssisə və obyekti, 7-si qeyri-yaşayış sahəsi, 1- isə nəqliyyat vasitəsidir. Özəlləşdirilən 5 istifadəsiz qeyri yaşayış sahəsi və 1 nəqliyyat vasitəsi paytaxtda yerləşir.
Həmin gün regionlarda da hərraclar baş tutub. Hərracların gedişatı böyük manitorlar vasitəsilə canlı izlənilib. Regionlarda keçirilimiş hərraclarda 3 kiçik dövlət müəssisə və obyekti, 2 qeyri-yaşayış sahəsi özəlləşdirildi. Kiçik müəssisə və obyektlər Bərdə, Goranboy və Qazaxda, qeyri-yaşayış sahəsi isə Sumqayıt və Mingəçevirdə yerləşir.
Hərracda bəzi müəssisələr torpaq sahəsi ilə birlikdə özəlləşdirilib. Torpaq sahələri ilə birlikdə özəlləşdirilən əmlaklar Bərdə rayonunda yerləşən Texniklər evi və eyni adlı müəssisənin Goranboyda olan qeyri-yaşayış binasıdır. Müvafiq olaraq özəlləşdirilən əmlakların sahəsi 1900 kv.m və 503 kv.m təşkil edir.
Paytaxtda özəlləşdirilən qeyri-yaşayış sahəsi Nizami, Nəsimi, Xətai olmaqla müxtəlif rayonlarda yerləşir. Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:
Hərracın keçirilməsində məqsəd dövlət əmlakının özəlləşdirilməsi prosesinin daha optimal, rahat və operativ qaydada reallaşdırılması, əmlaklara investsiyaların cəlb edilməsidir. Özəlləşdirilən iri, orta və kiçik portfelli müəssisələrə, qeyri-yaşayış obyektlərinə müxtəlif həcmdə investisiyalar yatırılır. Onlar biznesə cəlb olunur və ya digər qanunla icazə verilmiş gəlir mənbələrinə çevrilir. İnvestisiyalar hesabına belə müəssisə və obyektlərin maddi-texniki bazası yenidən qurulur, yeni sistemlər və texnologiyalar tətbiq olunur. Fəaliyyəti yenidən tam gücü ilə bərpa edilən müəssisələrə yeni işçilər cəlb edilir. Bu isə öz növbəsində ölkədəki iqtisadi aktivliyə öz müsbət təsirini göstərmiş olur. Mühüm üstünlük isə hərracda satılan əmlaklara qısa müddət sonra mülkiyyət hüququnun təsdiqinə dair dövlət reyestrindən çıxarışın verilməsidir.
Hərraca çıxarılan dövlət əmlakları çoxçeşidlidir. Bura iri müəssisələrlə yanaşı kiçik obyektlər və nəqliyyat vasitələri daxildir. Müəssisələr sənaye, tikinti, xidmət, nəqliyyat və digər iqtisadi sahələri əhatə edir. Belə əmlaklar sahəsi, mövcud vəziyyəti və yerləşdiyi zonadan asılı olaraq müxtəlif start qiyməti ilə təklif olunur.
Hərracda istənilən şəxs iştirak etmək hüququna malikdir. Bunun üçün vətəndaşın Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş verməsi kifayətdir. Sifarişçi portal vasitəsilə hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə məlumatları əldə edə bilərlər.
Xatırladaq ki, komitə tərəfindən növbəti belə hərrac 18 aprel tarixində keçiriləcək. Bu hərraca ümumilikdə 141 dövlət əmlakı olmaqla 25 səhmdar cəmiyyəti, 29 kiçik dövlət müəssisə və obyekti, 87 istifadəsiz qeyri-yaşayış sahəsi çıxarılıb. Hərraca çıxarılan əmlaklarla tanış olmaq üçün aşağıdakı keçiddən istifadə etmək kifayətdir:
http://privatization.az/index.php/az/component/content/article?layou
1news.az