Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Türkiyə Respublikasının sabiq Prezidenti Abdullah Gülü qəbul edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, dövlətimizin başçısı Türkiyə Respublikasının sabiq Prezidenti Abdullah Güllə Bakıda, Türkiyədə və başqa ölkələrdə keçirdiyi görüşləri məmnunluqla xatırladı.
“Azərbaycan hər zaman bizim qəlbimizdə, könlümüzdədir”, - deyən Türkiyə Respublikasının sabiq Prezidenti Abdullah Gül Türkiyədə Baş nazir və prezidentlərin, o cümlədən özünün də ilk xarici səfərlərini Azərbaycana etməsindən məmnunluğunu ifadə etdi. Abdullah Gül ölkəmizə hər gəlişi zamanı Azərbaycanın sürətli inkişaf etdiyinin və daha da gözəlləşdiyinin şahidi olduğunu dedi.
Öz növbəsində dövlət başçısı kimi ilk rəsmi səfərlərini Türkiyəyə həyata keçirdiyini məmnunluqla qeyd edən Prezident İlham Əliyev yüksək rütbəli dövlət məmurlarının da ənənəvi olaraq bu cür qarşılıqlı səfərlərinin önəmini vurğuladı.
Söhbət zamanı dövlətimizin başçısı son bir neçə ildə Azərbaycanda müxtəlif sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlarla bağlı məlumatları diqqətə çatdırdı.
1news.az