Avropa ölkələrinin ailələrin xərclərində ərzaq məhsullarının payın görə reytinqi açıqlanıb.
1news.az “Report”a istinadən xəbər verir ki, “RİA Rating”in ekspertlərinin hazırladığı reytinqə görə, ilk sıranı ərzaq məhsullarının məcmu xərclərdə ən az paya sahib olan Lüksemburq tutur.
Bu ölkə həmçinin adambaşına düşən 99 500 ABŞ dolları milli gəlirlə Avropada lideridir. Sonrakı yerləri Hollandiya (10%, 49 600 dollar), B.Britaniya (11%, 41 500 dollar), Danimarka (11,5%, 45 700 dollar), Avstriya (11,8%, 47 000 dollar) tutur.
Axırıncı, 40-cı sırada isə Ukrayna qərarlaşıb. Burada məcmu xərclərin 54%-i ərzaq məhsullarına sərf olunur. Maraqlıdır ki, 37-39-cu yerləri Belarus (39,1%, 17 700 dollar), Moldova (42,1%, 5 000 dollar) və Qazaxıstan (43,8%, 25 900) tutub.
Bu siyahıda Türkiyə (20,2%, 20 400 dollar) 21-ci, Estoniya (23%, 28 600 dollar) 25-ci, Rusiya (32%, 26 000 dollar) 32-ci sirada qərarlaşıb.
Azərbaycan bu reytinqdə yer almasa da “Report”un analitik qrupu rəsmi statistik hesabatlar əsasında bu göstəricini hesablayıb. Belə ki, Azərbaycanda əhalinin ərzaq xərclərinin məcmu xərclərdə payı 2015-ci ilin yekununda 40,5% olub. Bu göstərici əsasında Azərbaycan həmin reytinq siyahısında 38-ci sırada qərarlaşardı. Əhalinin milli gəliri sıralamasında isə Azərbaycan son sırada olan Moldovadan əvvəlki yeri tuta bilər.
Xatırladaq ki, devalvasiya nəticəsində Azərbaycanda 2016-cı ilin yekunu üzrə adambaşına milli gəlir 3 520 dollara geriləyib. Ərzaq xərclərinin də məcmu xərclərdə payının artdığı ehtimal edilir. Belə ki, əhalinin real gəlirləri 2016-cı ildə artmadığı halda, devalvasiya ərzaq qiymətlərini artırıb.
1news.az