Aprelin 10-da Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Konqreslər Bürosunun təşkilatçılığı ilə Bakı Şopinq Festivalının təntənəli açılış mərasimi keçirilib.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev festivalın əhəmiyyətindən söz açıb. Bildirib ki, təkcə Azərbaycanda və Qafqazda deyil, bütün regionda və hətta dünyada böyük marağa səbəb olacaq Bakı Şopinq Festivalının proqramı geniş və rəngarəngdir. Dünya turizm və ticarət təcrübəsindən götürülən bu festivalın təşkili MDB məkanında ilk dəfə olaraq ölkəmizdə tətbiq edilir. Türkiyə, Sinqapur və Birləşmiş Ərəb Əmirlilərində də bu tip festivallar keçirilir ki, bu da turistlərin axınını bir az da sürətləndirir.
Nazir deyib ki, festival özünəməxsus yeniliklər, maraqlı mədəni tədbirlər və sürprizlərlə zəngindir. Azərbaycanın zəngin mədəniyyətini, turizm imkanlarını, eləcə də, ticarət potensialını əks etdirən festival ilk günündən ziyarətçilərin və iştirakçıların böyük axınına səbəb olub. Dünyanın bir çox ölkəsindən turistlərin və alıcıların diqqətini cəlb edən festival zamanı əyləncə ilə alış-verişin vəhdəti hər bir iştirakçı üçün unudulmaz və səmərəli anlarla yadda qalacaq. Həm ziyarət, həm ticarət ənənəsində yenilik olacaq festival bir ay davam edəcək və mayın 10-da başa çatacaq.
“Bakı Şopinq Festivalı Azərbaycan xalqının zəngin mədəniyyəti və tarixi ilə tanış olmaq üçün yaxşı imkan yaradacaq. Festivalda bir ay müddətində ictimai iaşə obyektləri, otellər, restoranlarla yanaşı, 150-dən çox ticarət obyektinin də iştirakı nəzərdə tutulur. Alıcıların həvəslə alış-veriş etdiyi tanınmış mağazalar xarici turistlərə və Azərbaycan vətəndaşlarına sərfəli şərtlərlə öz mallarını təklif edəcəklər. Bakı Şopinq Festivalı çərçivəsində iştirakçı mağazalarda alıcıları inanılmaz endirimlər gözləyir. Bundan başqa, alıcılar “Baku Shopping Festival – Tax Free” stikerini gördükləri həmin mağazalarda Bakı Şopinq Festivalı zamanı aldıqları malların əlavə dəyər vergisini (ƏDV) geri ala biləcəklər. Festivalın ildə iki dəfə keçirilməsini nəzərə alaraq ehtimal etmək olar ki, bu ilin axırınadək dövlət büdcəsinə 50 milyon manatadək vəsait daxil olacaq. İstər istəməz bu stimullaşdırılacaq. Bu da ticari baxımından bizim dövriyyəmizə müsbət təsir göstərəcək”, - deyə mədəniyyət və turizm naziri vurğulayıb.
Ə.Qarayev deyib ki, bu festivalın düşərli olacağına ümidlərimiz böyükdür: “Hər kəsi bu festivalda fəal iştirak etməyə çağırıram. Sevdiyiniz, bəyəndiyiniz malları sərfəli qiymətlərlə əldə edib üstəlik ƏDV vergisini də geri almaq istəyirsinizsə Bakı Şopinq Festivalı boyu iştirakçı mağazalarda alış-veriş etməyə tələsin!”.
Açılış mərasimində Azərbaycan Dövlət Rəqs Ansamblının yeni proqramının təqdim ediləcəyini söyləyən nazir bildirib ki, bu proqramın üzərində kollektiv uzun zamandır çalışır. Bu kollektivin gördüyü işlərin nəticəsində Azərbaycanın zəngin musiqi xəzinəsindən olan rəqslər bərpa olunub. Gecənin özəlliyi odur ki, Azərbaycan Dövlət Rəqs Ansamblı canlı orkestrin müşayiəti ilə öz məharətini göstərəcək. Konsertin bədii rəhbəri və quruluşçu rejissoru olan Rusiyanın Xalq Artisti, tanınmış rəqqas Dikalu Muzakaev bir il əvvəl müvafiq beynəlxalq mübadilə çərçivəsində Azərbaycan Dövlət Rəqs Ansamblının “Yeni Azərbaycanım” adlı möhtəşəm konsert proqramı hazırlayıb.
Nazir deyib: “Biz ölkəmizdə bu gündən etibarən bir ay müddətinə davam edəcək Bakı Şopinq Festivalının mədəni proqramını açıq elan edirik. Xaricdən çoxlu qonaqlarımız olacaq. Bütün şopinqmollarda həftənin 5-6-cı və bazar günləri xüsusi əyləncə proqramları təqdim ediləcək. Paralel olaraq Bakının müxtəlif mədəniyyət mərkəzlərində mədəni proqramların həyata keçirilməsi planlaşdırılır”.
Gecədə Dövlət Rəqs Ansamblının “Yeni Azərbaycanım” adlı möhtəşəm konsert proqramı və “Koroğlu” bir pərdəli milli baletinin premyerası böyük maraqla qarşılanıb.
1news.az