“Discovery Azerbaijan” jurnalının yeni bahar buraxılışı işıq üzü görüb.
Jurnalın bu nömrəsində yaradıcı heyət yolunu Saatlı rayonundan salıb. Kürlə Arazın qovuşduğu məşhur Suqovuşanda olan redaksiya heyəti iki çayın qovuşduğu o mənzərəni, qovuşduqlarına rəğmən rənglərinin qarışmamasını foto və sözlərin köməyi ilə oxuculara çatdırmağa çalışıblar. İllər öncə bu rayona jurnalist kimi gələn, bu gün isə Saatlıdan deputat seçilən Mətbuat Şurasının sədri Əflatun Amaşovla söhbət də elə Saatlı üzərində köklənib.
Müsahiblər sırasında yer alan Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri və Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərovla söhbət də, yəqin ki, oxucuların marağına səbəb olacaq.
160 ölkədə olan, dünyanı qarış-qarış gəzən, hətta uzaq Antarktidaya və Arktikaya belə gedib çıxan azərbaycanlı səyyah və iş adamı Mehrac Mahmudovun səyahət təəssüratlarını da “Discovery Azerbaijan”ın bahar buraxılışında oxuya bilərsiniz.
Oxucular jurnalın bu nömrəsində, bəlkə də, dəfələrlə yanından ötüb keçdiyi, amma fərqinə varmadığı paytaxt kilsələri ilə də tanış olacaqlar. Həmçinin yoqa haqqında ətraflı məlumatı da bu nömrədən əldə edəcəklər.
Jurnalın bu nömrəsində oxucular məşhur kinorejissor Rasim Ocaqovun 41 il əvvəl ekranlaşdırdığı “Ad günü”nə də qonaq ola, iki insan arasındakı səmimi dostluq münasibətlərinin istisinə sığına biləcəklər.
Jurnalda Kubanın Azərbaycandakı səfiri Alfredo Nieves Portuondo ilə Amerika qitəsinin əsrarəngiz ölkəsi barədə maraqlı müsahibə yer alıb. Kubanı dünyaya tanıdan ən yaddaqalan onluqla, dünya ekranına gec-gec çıxmasına baxmayaraq, hər zaman özünün xüsusi fikri və ideyası ilə fərqlənən “Kubalı filmlər”lə, bu rəngli və xoşbəxt ölkənin ləziz təamları ilə tanışlıq da jurnalın bahar nömrəsində verilib.
“Discovery Azerbaijan” jurnalının yeni nömrəsini şəhərin köşklərindən əldə etmək olar.
AZƏRTAC