Aprelin 10-da Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov 132-134 saylı təhsil kompleksində "Dayanıqlı inkişaf məqsədləri-keyfiyyətli təhsil" mövzusunda açıq dərs prosesini izləyib.
Dərsdən sonra Əli Əhmədov ölkəmizdə yüksək keyfiyyətli təhsil şəraitinin yaradılması üçün görülən işlərdən danışıb. Bildirib ki, dünyada heç də bütün ölkələrdə uşaqlar təhsil ala, lazımınca qidalana, sabitlik və əmin-amanlıq şəraitində yaşaya bilmirlər. “Hazırda dünyanın bir çox regionlarında gərgin vəziyyət Birləşmiş Millətlər Təşkilatını (BMT) çox narahat edir. BMT qarşıya qoyduğu 17 məqsədə nail olmaq üçün üçün 2030-cu ilə qədər olan dövrü əhatə edən proqram hazırlayıb. Afrika və Asiyanın bir çox ölkələrində iqtisadiyyat zəifdir, insanlar aclıqdan əziyyət çəkir, toqquşmalar şəraitində yaşayırlar. Ona görə də Azərbaycan da BMT-nin bu proqramına qoşulub” , – deyə Baş nazirin müavini vurğulayıb.
Əli Əhmədov qeyd edib ki, təhsil hər bir insanın xoşbəxt həyatının təmin olunmasında vacib amillərdən biridir. Hər bir millətin, eləcə də dövlətin və bütün dünyanın xoşbəxt gələcəyi bu gün gənc nəslin aldığı yaxşı təhsildən asılıdır. BMT-nin "Dünyamızı dəyişək!" devizi altında həyata keçirilən proqramının da məqsədi budur. Dünyanın inkişaf etmiş ölkələrinin bu səviyyəyə çatması məhz təhsilin yüksək səviyyədə olması ilə bağlıdır. İnkişaf etməyən ölkələrdə isə zamanında təhsilin inkişafına diqqət yetirilməyib.
Ə.Əhmədov nəzərə çatdırıb ki, dünyanın hər yerində ədalətin bərqərar olması vacibdir. Dərs prosesində şagirdlərin biri BMT-nin Azərbaycan ofisinə məktub yazdı. Bu, haqlı bir məktubdur. Bizim torpaqlarımız işğal olunub, 20 ildən çoxdur ki, qaçqın və məcburi köçkünlərimizə qarşı haqsızlıq olur. Dünyanın hər yerində ədalət bərpa olunmalıdır. Bizim bütün dünyadan Azərbaycana qarşı törədilmiş ədalətsizliyin aradan qaldırılmasını gözləmək haqqımız var.
Azərbaycanda savadlılıq səviyyəsinin çox yüksək olduğunu deyən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzai bu sahədə yenə də bəzi işlərin görülməli olduğunu əlavə edib. Q. İsakzai deyib ki, qızlar və oğlanlara işə düzəlmək sahəsində bərabər şərait yaradılmasına çalışmaq lazımdır. Azərbaycanda formalaşmış dəyərlərin, ənənələrin olduğunu, bunun isə qadınların işləmək məsələsində müəyyən problemlər yaratdığını bildirib. “Qızların erkən yaşda ailə qurması onların təhsildən uzaq qalmasına, cəmiyyətdə layiqli yer tutmasına mane olur”, – deyə Qulam İsakzai vurğulayıb.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Təhsil nazirinin müavini Ceyhun Bayramov və digərləri iştirak ediblər.
AZƏRTAC