Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Ümumrusiya Dövlət Teleradio Şirkətinin teleradio aparıcısı Vladimir Solovyovla görüşüb.
1news.az Azərtac-a istinadən xəbər verir ki, Vladimir Solovyov Bakıya ilk dəfə səfər etdiyini bildirərək paytaxtımızda sürətli inkişaf proseslərinin onda böyük təəssürat doğurduğunu və Bakının çox gözəl şəhər olduğunu vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycanda gedən inkişaf prosesləri barədə danışarkən qeyd edi ki, ölkəmiz haqqında reallıqların dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəal işlər görülür. İ.Əliyev, həmçinin Azərbaycanın tarixi və bugünkü reallıqları barədə söhbət açaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini diqqətə çatdırıb. Prezident qeyd edib ki, Azərbaycan ilə Rusiya arasında bütün digər sahələrdə olduğu kimi, humanitar əlaqələr, o cümlədən media sahəsində də uğurlu əməkdaşlıq həyata keçirilir.
Vladimir Solovyov ətraflı və dolğun informasiyaya görə dövlətimizin başçısına minnətdarlığını bildirib, Azərbaycanda gedən proseslərlə yaxından tanış olmağın onun üçün böyük maraq doğurduğunu qeyd edib.
1news.az