Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin, IDEA İctimai Birliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə aztəminatlı ailələr üçün meyvə bağlarının salınması layihəsinin həyata keçirilməsinə başlanılıb.
1news.az Azərtac-a istinadən xəbər verir ki, aprelin 6-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, FAO-nun xoşməramlı səfiri Leyla Əliyeva İsmayıllı rayonunda meyvə ağaclarının əkilməsi üzrə pilot layihəsi çərçivəsində keçirilən ilk tədbirdə iştirak edib.
İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış 1,7 hektar torpaq sahəsində 340 ədəd meyvə ağacı əkilib. Salınan bu meyvə bağı İsmayıllı rayonunda yaşayan 3 aztəminatlı ailə arasında bölünüb və təmənnasız olaraq I qrup Qarabağ müharibəsi əlili Vüsal İsmayılovun, II qrup Qarabağ müharibəsi əlili Rahim Əliyevin, şəhid ailəsinin üzvü Nurəddin Qasımovun istifadəsinə verilib. Qeyd olunan ailələr bu meyvə bağlarına qulluq edib onlardan məhsul alaraq gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanacaqlar.
Gələcəkdə layihənin ölkəmizin digər rayonlarında da həyata keçirilməsi nəzərdə tutulur.
Layihənin sosial-iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı mallarının idxalından asılılığının azaldılmasına da töhfə verəcək.
1news.az