Təhsil naziri Mikayıl Cabbarov 2017-2018-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə əmr imzalayıb.
Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi və rayon (şəhər) təhsil şöbələrinə tapşırılıb ki, aidiyyəti yerli təşkilatlarla birgə 2017-2018-ci dərs ilində məktəbəhazırlıq qruplarına cəlb olunacaq 2012-ci il təvəllüdlü 5 yaşlı uşaqların sayının dəqiqləşdirilməsi, ərazilər üzrə məktəbəhazırlıq təhsili təşkil ediləcək məktəblərin və müəllimlərin müəyyənləşdirilməsi üçün müvafiq tədbirlər görsünlər, məktəbəhazırlıq qruplarının müəllimlərinin, əsasən, diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərmiş və həmin dərs ilində IV siniflərlə işləyəcək ibtidai sinif müəllimləri arasından seçilməsini nəzarətdə saxlasınlar.
Bundan əlavə, məktəbəhazırlıq qruplarının müəyyən olunmuş qaydalar əsasında komplektləşdirilməsinin təmin edilməsi, bu qrupların yaradılacağı ümumtəhsil məktəblərində lazımi təlim şəraitinin təmin olunması istiqamətində tədbirlər həyata keçirilməsi, 2017-ci il avqust ayının sonunadək əlavə olunan formalar üzrə məlumatları və görülmüş işlər barədə yazılı hesabatın nazirliyə göndərilməsi tapşırılıb.
Məcburi köçkün məktəblərində müvafiq imkan və şərait, kadr potensialı olmadığı, məcburi köçkün ailələrindən olan uşaqların mövcud sayı bu məktəblərdə məktəbəhazırlıq qruplarının təşkilinə əsas vermədiyi hallarda həmin uşaqlar məktəbəhazırlıq təhsilinə ərazi üzrə yerli məktəblərdə cəlb ediləcək.
Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.
1news.az