Hazırda Azərbaycan ikiqat vergitutmanın aradan qaldırılması haqqında 53 dövlətlə saziş imzalayıb. Onlardan 49-u qüvvəyə minib və tətbiq edilməkdədir.
1news.az-ın Vergilər Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu barədə nazirliyin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin baş direktoru Zaur Fətizadə məlumat verib.
Qeyd olunub ki, bu sazişlər ölkəmizin bütün əsas iqtisadi və ticarət tərəfdaşlarını, o cümlədən Azərbaycanda əhəmiyyətli investisiyalara malik olan dövlətləri əhatə edir.
Bundan əlavə, 5 dövlətlə (Sinqapur, İrlandiya, Slovakiya, Malayziya və Mərakeş) müvafiq sazişlər imzalanmaya hazırdır, 8 dövlətlə (Albaniya, Qırğızıstan, Banqladeş, Hindistan, Suriya, Türkmənistan, Portuqaliya və Oman) müzakirələr davam etdirilir, 10-dan artıq dövlətə isə müvafiq layihə təqdim edilib.
1news.az