“Azəravtoyol” ASC tərəfindən Zirə-Türkan avtomobil yolunun bərpası işlərinə başlanılıb.
1news.az-ın ASC-yə istinadən verdiyi xəbərə görə, sözügedən yolun uzunluğu 7,1 kilometr, hərəkət hissəsinin eni 7 metr, hər bir istiqamət üzrə 1,5 metr çiyin hissələr də daxil olmaqla yol yatağının eni 10 metr təşkil edir. Yaşayış məntəqələrindən keçən hissələrdə isə kənarlarda 1,5 metr enində piyada səkilərinin inşası da nəzərdə tutulub.
Hazırda yolboyu kommunikasiya xətləri köçürülür, maneələrin söküntüsü işləri aparılır. Daha sonra yol əsasının tikintisi işləri görüləcək. Torpaq işləri yekunlaşdıqdan sonra yolun asfaltlanması işləri aparılacaq. Yolun 50 min kvadratmetr sahəsinə 2 qat olmaqla 12 santimetr qalınlığında yeni asfalt-beton örtük döşənəcək.
Layihə çərçivəsində zəruri olan yerlərdə yolun altından kommunikasiya xətlərinin ötürülməsi üçün xüsusi borular qoyulacaq, hərəkətin normal təşkili üçün 50 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq. Həmçinin yolun işıqlandırılmasını təmin etmək məqsədilə 185 ədəd işıq dirəyinin quraşdırılması işlərinə başlanılacaq.
Qeyd olunub ki, Zirə-Türkan yolunun bərpası iki yaşayış məntəqəsinin 23,9 min nəfər əhalisinin gediş-gəlişini xeyli yaxşılaşdıracaq, yük və sərnişindaşımasını asanlaşdıracaq. Ən əsası vətəndaşların paytaxt mərkəzinə gediş-gəliş yolunu 15 kilometrə yaxın qısaldacaq.
1news.az