“Əvvəlcə Vətənə olan borcumu yerinə yetirəcəyəm, sonra isə həkim olacağam”.
1news.az xəbər verir ki, bu sözləri Seydimli kənd orta məktəbinin VIII sinif şagirdi Sənan Vəlizadə deyib.
Ötən ilin aprel ayında erməni silahlı qüvvələrinin Tərtər rayonunun cəbhə xəttində yerləşən Seydimli kəndini artilleriya atəşinə tutması və mərmilərdən birinin kənd sakini Sahib Vəliyevin həyətyanı sahəsinə düşməsi nəticəsində babası ilə birlikdə yaralanan 14 yaşlı Sənan Vəlizadə həmin günləri belə xatırlayır:
“Mən tez-tez babamgilə gedirdim. Babamla həyətdə oturub çay içirdik. Birdən həyətimizə mərmi düşdü və qəlpələrdən biri qoluma dəydi. Yenə də babamgilə gedirəm və orda həmin hadisə dərhal yadıma düşür. Dostlarım, həmyaşıdlarım həmişə məndən bu hadisə haqqında soruşur” .
Sənan hazırda Bakıda Uşaq Nevroloji Xəstəxanasında müalicəsini davam etdirir: “Mənə sinir zədələnməsi diaqnozu qoyuldu. Hazırda mütəmadi olaraq anamla Bakıya gəlirik və həkim müayinəsindən keçirəm”.
Sənan Bərdə Müalicə-Diaqnostika Mərkəzində müalicə alarkən təhsil naziri Mikayıl Cabbarovla görüşünü də xatırlayıb:
“Görüşdə təhsil naziri mənə çoxlu kitab göndərəcəyini dedi. Bir neçə gün sonra hədiyyələrimi aldım. Kitabların hamısını bəyəndim. “ Qılınc və qələm” əsərini sevə-sevə oxudum”.
Səhhəti ilə bağlı dərslərindən yayınsa da Sənan məqsədinə çatmaq üçün çalışacağını deyir:
“Bizim rayonda mənim yaşıdlarım, uşaqlar heç nədən qorxmur, biz güllə səsinə öyrəşmişik. Böyüyəndə vətənə xidmət borcumu yerinə yetirdikdən sonra həkim olacağam”
Qeyd edək ki, 2016-cı ilin aprel ayında Azərbaycanın cəbhə boyu mövqeləri və yaşayış məntəqələri Ermənistan tərəfindən intensiv atəşə məruz qalıb. İntensiv atəş nəticəsində Goranboyun Tapqaraqoyunlu, Tap, Ağdam rayonun Sarıcalı, Ayaq Qərvənd, Təzəkənd, Rzalar, Tərtər rayonun Qapanlı, Qarağacı, Hacı Qərvənd, Tərtər şəhər 6 saylı ümumi təhsil müəssislərinə ziyan dəyib.
1news.az