“Medi Sina” klinikasının sahibi, mənimsəmədə təqsirləndirilən Muğdət Həşimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
1news.az lent.az-a istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə M. Həşimov son sözlə çıxış edib.
O, çıxışında günahsız olduğunu və ittihamın uydurma olduğunu bildirib.
Hakimlər kollegiyasının hökmü ilə Müğdəd Həşimov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, prokuror M. Həşimova 11 il həbs cəzası istəyib.
Xatırladaq ki, "Medi Sina” klinikasının sahibi Muğdət Həşimov dələduzluq maddəsi ilə həbs edilib. İttihama görə, o, iş adamı Ramazan Zeynalovun (Hacı Mazan) 163 min manat vəsaitini mənimsəyib. Belə ki, R. Zeynalov müqavilə əsasında klinikanı M. Həşimova icarəyə verib.
Xatırladaq ki, tənqidçi, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı Elnarə Tofiqqızı adı çəkilən klinikada əməliyyat zamanı vəfat etmişdi.
“Medi Sina” klinikasının Səhiyyə Nazirliyindən lisenziya almadığı halda, onkoloji əməliyyatın keçirilməsinə razı olmaqla ölümə şərait yaratdığı əsas gətirilərək, klinikaya qarşı cinayət işinin qaldırılmasına qərar verilib və Baş Prokurorluğa təqdimat göndərilib. “Medi Sina” klinikasının bütün əmlakına həbs qoyulub. Bundan başqa, Ali Məhkəmə zərərçəkən tərəfə mənəvi təzminat ödənilməsi barədə də qərar qəbul edib. Qərara görə, “Medi Sina” klinikası 40, əməliyyatı aparan əsas həkim Mahir Məmmədov 10, anestezioloq Firuz İbrahimov 15, asistent Fərəcullah İdrisov isə 10 min manat cərimələnib. İddiaçı tərəf maddi təzminatla bağlı da məhkəməyə müraciət edib və hazırda Yasamal Rayon Məhkəməsində sözügedən klinikaya və həkimlərə qarşı maddi təzminatla bağlı proses də davam edir.
1news.az