Aprelin 3-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin gələcək fəaliyyətilə bağlı üçtərəfli texniki görüş işə başlayıb.
1news.az Dövlət Gömrük Komitəsinə xəbər verir ki, görüşdə Azərbaycan, Gürcüstan və Türkiyənin gömrük, nəqliyyat, dəmir yolları və sərhəd qurumlarının mütəxəssisləri iştirak edir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin artıq tamamlanma ərəfəsində olduğu və tezliklə fəaliyyətə başlayacağı üçün gömrük sahəsindəki məsələlərin də həlli istiqamətində müvafiq işlərin görüldyünü bildirib. Ş.Bağırov vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti yük və sərnişin daşımada beynəlxalq əhəmiyyətli bir layihədir və regionun inkişafında mühüm rol oynayacaq.
İki gün davam edəcək görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi barədə məlumat veriləcək, dəmir yolu xətti ilə bağlı məlumat mübadiləsinin texniki şərtləri, mübadilə ediləcək məlumatların müəyyən olunması, sənədlərin müqayisəsi və digər məsələlər müzakirə ediləcək.
Tədbirin gedişində həm də bu il mayın 2-3 tarixlərində gömrük sahəsində keçiriləcək yüksək səviyyəli üçtərəfli görüşdə qəbul olunacaq sənəd layihəsininhazırlanması da planlaşdırılır.
1news.az