Martın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov “Yeni Apostol Kilsəsi” beynəlxalq xristian dini təşkilatının Azərbaycan və Gürcüstan, eləcə də Şimali Reyn-Vestfaliya üzrə apostolu Volfqanq Şuq, həmin dini təşkilatın xarici ölkələr üzrə məsul şəxsi, Hamm şəhərinin dairə ağsaqqalı Yermiş Ralf və Bakı şəhəri Yeni Apostol Kilsəsi dini icmasının sədri Stepanova Svetlana ilə görüşüb.
1news.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Səyavuş Heydərov Azərbaycanda mövcud olan dövlət-din münasibətləri, dövlətin din sahəsində yürütdüyü siyasət barədə ətraflı məlumat verib.
S.Heydərov ölkəmizdə vicdan və dini etiqad azadlığının təmin edilməsinə, dinlərarası ünsiyyət körpüsünün yaradılmasına, hər kəsin etiqad etdiyi dinə ehtiramla yanaşılmasına, dini konfessiyalar arasında əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirildiyini, İslam və qeyri-İslam dini icmaların səmərəli fəaliyyəti üçün maliyyə dəstəyi verildiyini bildirib. Ölkəmizdə bütün dinlərin nümayəndələrinin yüksək təhlükəsizlik və əmin-amanlıq şəraitində yaşadığına diqqət çəkən S.Heydərov Azərbaycanın bu sahədə dünyada nümunəvi ölkələrdən biri olduğunu vurğulayıb.
Volfqanq Şuq ölkəmizdə 25 illik fəaliyyətləri müddətində Azərbaycanda başqa dinlərə mənsub insanların inanclarına hörmətlə yanaşıldığının şahidi olduqlarını deyib. Azərbaycanda almanlara aid tarixi izlərin qorunub saxlanması, alman əsilli vətəndaşlara olan münasibət ölkədəki multikultural və tolerantlıq mühitinin nümunəsidir. Volfqanq Şuq Bakı şəhəri Yeni Apostol Kilsəsi dini icmasının fəaliyyətinə daim göstərilən dəstəyə və diqqətə görə minnətdarlığını bildirib.
Görüşün sonunda Səyavuş Heydərov qonaqlara Dövlət Komitəsinin nəşri olan erməni vandalizmini özündə əks etdirən “İşğal altındakı tarixi-dini abidələrimiz” adlı kitab hədiyyə edib.
1news.az