Təhsil TV-nin efirində yayımlanan “Təməl” verilişinin növbəti buraxılışında ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə yeni qaydalarla bağlı məlumatlar işıqlandırılıb.
1news.az-ın verdiyi xəbərə görə, verilişin budəfəki qonağı Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin rəhbəri Eşqi Bağırov olub.
Verilişdə kimlər məktəb direktoru ola bilər? Elektron ərizələrin qəbulu nə vaxt başlayır? Bu il ümumtəhsil müəssisələrində direktor olmaq arzusunda olan şəxslər üçün nə qədər vakant yer təqdim edilir? barədə məlumatlar verilib.
Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, qaydalara əsasən, ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin mərkəzləşdirilmiş qaydada 3 mərhələdə (elektron ərizənin qəbulu, imtahan, müsahibə) cari ilin aprel-avqust ayları ərzində keçirilməsi nəzərdə tutulub.
Müsabiqədə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsilli, azı 5 il pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji sahədə çalışan şəxslər iştirak edə bilərlər.
Elektron ərizələrin qəbulu 1-15 aprel 2017-ci il tarixlərində həyata keçiriləcəkdir. Bu mərhələdə namizədlər hazırda işlədiyi müəssisənin yerləşdiyi və ya yaşadığı rayon (şəhər) üzrə 4 vakant məktəb seçə bilərlər. Qeydiyyatdan keçmək istəyən şəxslər miq.edu.az/direktorlar səhifəsinə daxil olmalıdırlar.
İmtahan mərhələsində namizədlərdən əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi sahəsində test tapşırıqlarını cavablandırmaqla yanaşı, təqdim olunan konkret mövzu üzrə elektron qaydada esse yazmaq tələb olunur