İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə və İran Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi Bakı Dövlət Universitetində (BDU) olublar.
Rektor, akademik Abel Məhərrəmov son illər ölkələrimiz arasındakı əlaqələrin daha da inkişaf etməsindən danışıb. İranın bir neçə ali təhsil ocağı ilə uğurlu əməkdaşlıq əlaqələrindən danışan rektor birgə tədqiqatların aparılması və dərsliklərin, jurnalların hazırlanmasından bəhs edib. Rektor davamlı olaraq, fars dili olimpiadası və bayramlarının keçirilməsini, BDU müəllimləri və tələbələrin İran universitetlərində təşkil olunan beynəlxalq konfranslarda iştirakını diqqətə çatdıraraq bu işlərin həyata keçirilməsində səfirlik və Mədəniyyət Mərkəzinin dəstəyini yüksək dəyərləndirib, fəaliyyəti başa çatmaqda olan İbrahim İbrahimiyə minnətdarlığını bildirib.
Cavad Cahangirzadə görüş ərəfəsində BDU-nun laboratoriyaları, Nanotexnologiya mərkəzi ilə tanış olduğunu, universitetdə yaradılan elmi mühitin onda xoş təəssürat oyatdığını, İran universitetləri ilə birgə layihələrin də hər iki ölkəyə müsbət təsir edəcəyinə əminliyini ifadə edib. Səfir bu sahədə planlaşdırılan layihələrin reallaşdırılması istiqamətində istənilən dəstəyə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, görüşdə elmi işlər üzrə prorektor, professor Aydın Kazımzadə, Xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova, Şərqşünaslıq fakültəsinin dekanı, professor Elxan Əzizov və İran filologiyası kafedrasının müdiri, professor Mehdi Kazımov iştirak edib.
APA