Xəbərlər

“Ağ qızıl” şöhrətini geri qaytarır
31 mart, 2017 15:30

Dünyada kənd təsərrüfatı sektorunda aparıcı sahələrdən biri də pambıqçılıqdır. Pambıqçılıq böyük əmək sərf edən kənd təsərrüfatı sahəsi olsa da gəliri həmişə yüksək olub. Elə məhz buna görə də bu məhsulu “ağ qızıl” da adlandırırlar. 

Məlumat üçün bildirək ki, pambıq əməköməcikimilər fəsiləsinə aid çoxillik isti və işıq sevən texniki bitkidir. Vətəni Hindistandır. Hələ eramızdan 3 min il əvvəl burada pambıq əkilirdi. Pambığın Misirdə becərilməsi haqqında ilk məlumat e.ə. I əsrə aiddir. Zaqafqaziyada e.ə. VII-IV əsrlərdən becərilir.

Dünya toxuculuq sənayəsi üçün lazım olan lifin təxminən 50%-i pambıqdan alınır. 100 kq xam pambıqdan orta hesabla 30-35% lif alınır. Lifdən müxtəlif parçaların toxunmasında işlədilən iplik hazırlanır, həmçinin avtomobil təkəri, torlar və kəmərlər üçün kordlar və sair istehsalında istifadə edilir.

Pambığın çiyidindən alınan yağ yemək məhsullarında işlədilir, ondan marqarin, qliserin, sabun, stearin, sürtkü yağları hazırlanır, tullantısı sellüloz, spirt, lak, linoleum, karton, kino plyonkası, izolyasiya materialları istehsalında istifadə olunur.

Nəzərinizə çatdıraq ki, dünyada pambıq istehsalı sahəsinin ən geniş olduğu ölkələr Çin, Hindistan, ABŞ, Pakistan, Braziliya, Avstraliya, Özbəkistan və digər ölkələrdir. İstehlakda isə ilk sıraları Çin, Hindistan, Pakistan, Türkiyə, Braziliya, Banqladeş, Vyetnam, İndoneziya tutur.

ICAC-ın məlumatına görə, 2011-12-ci il istehsal dövrü ilə 2015-16-cı il mövsümü arasında dünyada orta hesabla 33,4 milyon hektar sahədə pambıq istehsalı edilib, son dövrdə əkin sahələrində bir azalma yaşanır. 2015/16-cı il mövsümündə pambıq əkilən 31 milyon hektar sahənin 37 faizi Hindistanda reallaşdırılıb. Əkin sahələrinin genişliyində Hindistandsn sonra Çin, ABŞ, Pakistan və Özbəkistan qırarlaşıb. Türkiyə pambıq əkin sahəsi baxımından 9-cu sıradadır.

Dünya pambıq istehsalı son illərdə 26 milyon ton səviyyələrində olduğu halda 2015-16-cı il mövsümündə əvvəlki ilə görə 13 faiz azalaraq 22,6 milyon tona geriləyib.

Qeyd edək ki, ölkəmizdə də pambıqçılığın qədim ənənələri var. Azərbaycanda pambıq Qədim Şərq ölkələri, əsasən İran vasitəsilə yayılıb. Mingəçevirdə arxeoloji qazıntılar zamanı V-VI əsrlərə aid yanmış pambıq kələfləri və çiyidi tapılıb. Bərdə, Naxçıvan, Beyləqan, Gəncə, Şəmkir və sair kimi şəhərlərdə pambıqdan parça hazırlanıb xaricə ixrac edilməsi, XV əsrdə Şamaxıdan Rusiyaya pambıq mallar da aparıldığı göstərilir. XVIII əsrdə Mil-Muğan və Şirvan düzlərində geniş pambıq sahələri olub. XIX əsrin əvvəllərində Quba və Bakı ayələtlərində də pambıqçılıq inkişaf etdirilirdi.

Azərbaycanda 1913-cü ildə pambıq əkini sahəsi 100 min hektardan çox, pambıq istehsalı 65 min ton olmuşdu.

Rusiyanın tərkibinə keçdikdən sonra Azərbaycanda pambıqçılığın inkişafı ilə əlaqədar olaraq pambıqtəmizləmə sənayesi də yüksəlirdi. Pambıqtəmizləmə müəssisələri, əsasən, pambıq əkilən zonalarda yerləşirdi. İlk müəssisələr çox kiçik idi. 1903-cü ildən zavod istehsalına keçildi. Buxar və neftlə işləyən mühərriklərin gücü ilə hərəkətə gətirilən maşınlar tətbiq edildi. 1912-ci ildə Yelizavetpol quberniyasında 28, Bakı quberniyasında 22 pambıqtəmizləmə zavodu vardı. Əsas pambıqtəmizləmə zavodları Yelizavetpol şəhərində və Ağdaşda yerləşirdi. Naxçıvan qəzasında 51 zavod olsa da, onların əksəriyyəti çox kiçik idi və texnika ilə təchiz edilməmişdi. Həmin ildən pambıqtəmizləmə texnologiyasında pnevmatik sistemə keçilməyə başlandı. İndi xam pambıq kotton-cinə verilib çiyiddən ayrıldıqdan sonra presləmə sexinə aparılıb preslənməsi prosesi avtomatik daşıyıcı vasitəsilə həyata keçirilirdi.

Sovet dövründə isə ölkəmizdə pambıqçılıq kənd təsərrüfatında aparıcı yerlərdən birini tuturdu. Təsadüfi deyil ki, pambıq bitkisi buğda ilə yanaşı hətta dövlət gerbində də öz əksini tapmışdı. Ümummilli lider Heydər Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsində pambığın istehsalı Azərbaycanda bir milyon tona qalxmışdı.

Sovet ittifaqı dağıldıqdan və Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bir müddət ölkədə yaranmış hərc-mərclik bütün sahələr kimi, kənd təssərrüfatına da mənfi təsirini göstərdi. Bir vaxtlar respublikamıza külli miqdarda vəsait gətirən, əhalinin dolanışıq, gəlir mənbəyinə çevrilən “ağ qızıl” istehsalı da tədricən unuduldu. Torpaqlar kəndlilərə verildikdən, kolxoz və sovxozlar dağıldıqdan sonra pambıq əkinində də sərbəstlik yarandı. Texnika, mineral kübrələr və məhsulu satmaq üçün bazar olmadığından pambıqçılığa olan maraq ildən-ilə zəiflədi. Bundan sonra zavodların istehsal gücü azaldıldı və bu məhsulun bazarında durğunluq yarandı.

Lakin ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra, ölkənin bütün sahələrində olduğu kimi, aqrar sektorda da canlanma başladı. Kənd təsərrüfatının ayrı-ayrı sektorlarında olduğu kimi, pambıqçılıqda da irəliləyişlər müşahidə edildi. 2010-cu ildə “Pambıqçılıq haqqında” qanunun qəbul olunması ilə ölkədə pambıqçılığın, yüngül sənayenin inkişaf etdirilməsinə, pambıq istehsalı ilə emalı arasında münasibətlərin bazar iqtisadiyyatına uyğun tənzimlənməsinə, regionlarda əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə və torpaqdan səmərəli istifadə olunmasına hüquqi, təşkilati və iqtisadi zəmin yarandı.

Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində, “ağ qızıl”ın istehsalı sahəsində yeni mərhələ başladı. Xüsusilə də, dövlət başçısı İlham Əliyevin son tapşırıqlarından sonra bu sahədə ciddi nailiyyətlər əldə olunur. Elə ötən gün – martın 28-də dövlət başçısının Saatlı rayonuna səfəri çərçivəsində pambıq sahələrində olması, pambıqçılığın inkişafı ilə bağlı geniş müşavirə keçirməsi və ölkəmizdə pambıqçılığın zəngin ənənələrinin bərpa edilməsi və bu sahənin əvvəlki şöhrətinin qaytarılması üçün müvafiq tapşırıqlar verməsi onun bu sahəyə necə böyük diqqət yetirməsinin bariz sübutudur. 

Cari ildə pambıq əkin sahələri daha da genişləndirilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvarın 9-dək ölkə üzrə pambıq tədarükü 88 min 596,9 ton təşkil edib. Bu isə 2015-ci illə müqayisədə 2,5 dəfə çoxdur (35 min 192 ton). Pambıq tədarükünə görə Biləsuvar rayonu birinci yerdədir. Rayonun fermerləri tarlalardan 11966,7 ton “ağ qızıl” yığıblar. Saatlıda 11924,5 ton, İmişlidə 10096,9 ton, Ağcabədidə 8704,4 ton, Beyləqanda 7810 ton pambıq tədarük olunub.
Komitənin məlumatına görə, ölkə üzrə cari ildə 52057,7 hektar ərazidə çiyid səpini həyata keçirilib. Bu isə ötən ilə nisbətən 2,8 dəfə çoxdur (2015-ci ildə 18684 hektar). 2016-cı ildə ən çox pambıq Saatlıda əkilib (8109 hektar). Sonrakı yerlərdə Sabirabad (6113 hektar), Biləsuvar (6040 hektar), İmişli (5051 hektar) və Beyləqan rayonları (3958 hektar) gəlir.

Son məlumatlara görə, bu il 136 min hektarda pambığın səpini gözlənilir və orta məhsuldarlıq 20 sentner səviyyəsində olmalıdır. Belə ki, Ağcabədi rayonunda 8 min 800, Ağdamda 3 min, Ağdaşda 3 min, Ağsuda 2500, Beyləqanda 8 min 500, Bərdədə 8 min 500, Biləsuvarda 11 min, Cəlilabadda 500, Füzulidə 2 min, Goranboyda 5 min, Hacıqabulda 1200, İmişlidə 18 min, Kürdəmirdə 4 min, Neftçalada 10 min, Saatlıda 17 min 100, Sabirabadda 15 min, Salyanda 7 min, Samuxda 30, Tərtərdə 3 min, Ucarda 2500, Yevlaxda 2 minə yaxın, Zərdabda 3100 hektarda pambıq əkiləcək.

Ölkədə pambıqçılığın inkişafını təmin edən əsas şərtlərdən biri də lazımi texnikanın olmasıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, keçən il 1800 ədəd texnika, o cümlədən, 94 pambıqyığan kombayn və 300-ə yaxın traktor alınıb. Bu il 3811 ədəd texnika, o cümlədən, 209 pambıqyığan kombayn və 810 traktor sifariş edilib. Bu texnikaların alınması üçün keçən il və bu il 150 milyon dollar vəsait xərclənib.

Pambıqçılıq, eyni zamanda, Azərbaycanda yüngül sənayenin də inkişafına böyük təkan verəcək. Pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxış edən Prezident İlham Əliyev bu məsələyə toxunaraq, keçən il Mingəçevirdə sənaye parkının təməli qoyulmasını xatırladıb:

“Orada 9 zavod tikiləcəkdir, o cümlədən, iplik zavodu. Bu ilin sonuna qədər, artıq ilk zavodlar fəaliyyətə başlamalıdır. Bu da çox böyük, ciddi iqtisadi təşəbbüsdür. Bu doqquz zavodun və ümumiyyətlə, sənaye parkının fəaliyyəti nəticəsində, ən azı 5 min insan işlə təmin ediləcək. Mingəçevir kimi şəhər üçün bu, çox yaxşı göstəricidir. Bilirsiniz ki, bəzi böyük şəhərlərdə işsizlik rayon yerlərindən daha da çoxdur. Ona görə Mingəçevir Sənaye Parkının yaradılması, bu baxımdan da, çox əhəmiyyətlidir”.

Pambıq məhsullarından həm də yeyinti sənayesində istifadə olunur. Ölkənin ərzaq təhlükəsizliyi həmişə dövlətin nəzarətində saxlanılmaqla tənzimlənir. Bu baxımdan, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” da qəbul olunmuşdu. Məlum olduğu kimi, pambıq texniki bitki olsa da, onun toxumundan-çiyiddən emal olunmaqla, ərzaq üçün pambıq yağı və heyvandarlıq üçün qüvvəli yem istehsal olunur. Yüksək səviyyədə rafinə olunmuş pambıq yağı və digər məhsullar daxili və xarici bazarlarda satılır. Prezident İlham Əliyevin sözlərilə desək, pambıqçılığın ölkə iqtisadiyyatına çox böyük xeyri var. Bu, ölkəmizə valyuta gətirir və pambıq elə bir məhsuldur ki, dünya birjalarında satılır. Ona görə, pambığın və mahlıcın satışı üçün bazarları aramaq lazım gəlmir və bu, əlbəttə ki, böyük üstünlükdür.

Pambıqçılığın inkişaf etdirilməsi işsizlik probleminin aradan qaldırılmasında da böyük rol oynayacaq. Belə ki, ölkədə pambıqçılığın inkişafı sayəsində regionlarda yaşayan minlərlə insan işlə təmin olunacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin Saatlı rayonuna səfəri zamanı pambıqçılığın inkişafı ilə bağlı geniş müşavirə keçiməsi və müvafiq tapşırıqlar verməsi sahibkarlar arasında da böyük ruh yüksəkliyi yaradıb. Saatlı rayonunda fəaliyyət göstərən “Şamo” MMC-nin direktoru Yaşar Hüseynovun sözlərinə görə, ölkədə pambıqçılığın daha da genişləndirilməsi ölkədə yeni sənaye müəssisələrinin, əsasən də toxuculuq və digər yüngül sənaye müəssisələrinin yaradılmasına kömək edəcək. Bu da yeni iş yerlərinin açılması deməkdir. Digər tərəfdən,  əvvəllər ölkəmizdə fəaliyyət göstərən, son illər isə pambıq istehsalının kəskin azalması ilə əlaqədar fəaliyyətini dayandıran müəsssiələr yenidən bərpa olunacaq.

Göründüyü kimi, ölkəmizdə pambıqçılığın inkişaf etdirilməsi prioritet məsələlərdən birinə çevrilib. Prezidentin bu istiqamətdə qarşıya qoyduğu vəzifələrin yerli yetirilməsi nəticəsində pambıqçılığın tədarükü, istehsalı artacaq ki, buda ölkəyə valyuta axınının artmasına öz təsirini göstərəcək. Bu isə bir daha sübut edir ki, bu strateji məhsulun inkişafı yenidən dövlətin diqqət mərkəzindədir və “ağ qızıl”ın əvvəlki şöhrəti qaytarılır.

Babək Cahandarov

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.