31 Mart - Azərbaycanlıların Soyqırımı Günü minlərlə soydaşımız Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət etməyə gəliblər.
Martın 31-i Quba soyqırımı məzarlığına yürüş təşkil olunub. Quba və ətraf rayonların ictimaiyyət nümayəndələri, Bakı şəhərindən və ölkəmizin digər bölgələrindən gələn, müxtəlif təşkilatları təmsil edən həmvətənlərimiz yürüşdə iştirak edərək soyqırımı qurbanlarını xatirəsini ehtiramla anıblar.
Yürüşdə “31 Mart soyqırımını unutmadıq!”, “Dünya birliyi erməni terrorizminə siyasi və hüquqi qiymət verməlidir”, “Terrorizmə yox!” şüarları səsləndirilib.
Günün ilk yarısında Quba Soyqırımı Memorial Kompleksini 10 minə yaxın soydaşımız ziyarət edib.
Qeyd edək ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Tədqiqat işləri zamanı məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkarlanıb. Məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb.
Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasına başlanılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan kompleks 2013-cü il sentyabrın 18-də açılıb.
AZƏRTAC