ABŞ dövlət katibi Reks Tillerson bu gecə Türkiyəyə səfərə gəlib.
Səfər proqramında öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməsi nəzərdə tutulan R. Tillersonun görüş proqramı dəyişib. Qonaq öncə baş nazir Binəli Yıldırımla görüşüb.
ABŞ dövlət katibi bu gün R. T. Ərdoğan, daha sonrai həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək və mətbuat konfransı keçirəcək. Görüşlərdə ABŞ-Türkiyə münasibətləri, ABŞ-ın PKK-nın Suriya qolu olan PYD/YPG-yə dəstək verməsi və Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələlərinin diqqət mərkəzində olması gözlənilir.
Baş nazir B. Yıldırım ABŞ-ın İstanbul Baş Konsulluğundan FETÖ-nün Türkiyə Silahlı Qüvvələri “imamı” sayılan və 15 iyul dövlət çevrilişinə cəhddə önəmli rol oynayan Adil Öksüzə telefon edilməsi faktı və "Halkbank"ın beynəlxalq bankçılıq şöbəsinin müdir müavini Mehmet Hakan Atillanın ABŞ-a səfər zamanı həbs edilməsinin də müzakirə olunacağını açıqlayıb.
Anadolu