“iOS” qurğu istifadəçiləri artıq mobil əməliyyat sisteminin yeni - 10.3 versiyasını quraşdırmaqla itmiş simsiz “AirPods” qulaqcıqlarının axtarışına kömək edən unikal funksiyadan yararlanmaq imkanı əldə ediblər.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, funksiyadan istifadə üçün smartfonda “Bluetooth”u qoşaraq “iPhone” və qulaqcıq arasında birləşməni gözləmək tələb olunur. Bundan sonra “iPhone”u tap” proqramını açaraq qurğular siyahısında “AirPods” qulaqcığını seçmək və “Səsləndir” düyməsini sıxmaq lazımdır.
Qeyd edək ki, itmiş qulaqcıq bağlı enerjidoldurma çexolunda olanda səsləndirmə funksiyası işləmir. Bundan başqa, “iOS” sisteminin 10.3 versiyasında istifadəçi haqqında ətraflı məlumat və şəxsi qurğulara tez keçid almaq üçün əlavə yuxarı panel istifadəyə verilib.
Əməliyyat sistem üçün yenilənmə ilə yanaşı, “Apple” şirkəti “tvOS”, “macOS” və “watchOS” sistemlərinin yeni versiyalarını təqdim edib.
1news.az